Ağrı daşı

Müəllif: Gülzar İbrahimova

Qədim zamanlarda bir tacir, tacirin də Səma adlı gözəl, ağıllı qızı vardı. O, qızını çox istəyir, hər səfərə gedəndə ona gözəl hədiyyə alırdı. Bu dəfə də tacir səfərə gedəndə Səmadan soruşdu: 

- Gözəl qızım, gələndə sənə nə alım?

- Eşitmişəm getdiyin Firəng ölkəsində ağrı kəsən sehrli daş var. İstəyirəm həmin daşla anamın tez-tez ağrıyan başağrısını götürüm. Sənin ayaqların ağrıyanda, onunla ovuşdurub sağaldım. Kimin harası ağrısa, ağrısını alım. 

- Bizə görə narahat olma, qocalırıq, ağrıyan vaxtımızdır. Özünə bir şey istə, gətirim.

- Ata, siz ağrıyanda heç nə gözümə görünmür. Mənə Ağrı daşından başqa heç nə lazım deyil!

Ata külfəti ilə görüşüb yola düşdü. Uzun yol gedib, Firəngistana yetişdi. Bir neçə aya mallarını satıb, qayıtmağa hazırlaşdı. Qızı Səma istəyən Ağrı daşını isə heç yerdə tapa bilmədi. Soraqlaşıb bir daşyonanın yanına gəldi. Daşyonan tacirə qulaq asıb dedi:

- Ağrı daşını tapmaq üçün gərək qayanın başından dənizə tullanasan. Ağrı daşı dənizin dibindədir. Bu gedər-gəlməz yoldur. Çox adam istəyib o daşı tapsın, geri qayıtmayıb. 

Tacir karvansaraya qayıtdı. Karvansaray sahibi taciri bikef görüb soruşdu:

- Deyəsən, alverin yaxşı olmayıb, kefsizsən?

- Təki elə olaydı ‒ deyə, tacir qızının istəyindən danışdı. Karvansaray sahibinin oğlu da orda idi. Kənardan söhbətə qulaq asan oğlan dedi:

- Qız ata-anasını yaman çox istəyir. Belə övladın
istəyini yerinə yetirmək lazımdır. İstəyirsiz Ağrı daşını tapmaqda sizə kömək edim?

Karvansaray sahibi və tacir oğlanı fikrindən döndərməyə çalışsalar da, cavan dediyindən dönmədi. Tacir vətəninə qayıtdı, görək Comərd neylədi?

Comərd Ağrı daşını tapmaq üçün axtarıb qayanı tapdı, dırmaşdı onun başına. Burda ağ saçlı, nurani bir qoca oturmuşdu. Qoca Comərdi görüb soruşdu:

- Səfərin haradır, oğlan?

- Ağrı daşı axtarmağa gedirəm, nurani baba! ‒ Comərd hörmətlə dilləndi.

- Oğlan, bil ki, Ağrı daşını götürənin başına müsibətlər gələr!
Buna hazırsan?

- Mən söz vermişəm, Ağrı daşını tapmalıyam! 

Comərd belə deyib gözlərini yumdu, qayadan düz dənizə tullandı. Suyun dibinə tərəf üzürdü, bir su pərisinə rast gəldi. Su pərisi insan kimi danışdı:

- İgid, nə cəsarətlə bura gəlmisən?

Comərd istəyini su pərisinə danışdı. Su pərisi ona qulaq asıb əmr etdi:

- Arxamca üz, gedək dəniz xəzinəsinə! 

Su pərisi irəlidə, oğlan arxada üzə-üzə gəldilər dənizin ən dərin yerinə. Su pərisi uca səslə dedi:

- Sahibi-səltənət! Aç xəzinəni, səxavətli ol, var-dövlətinə ehtiyacımız var! 

Pəri bunu demişdi, dənizin dibində yer aralandı, hər ikisi girdi yerin altına. Bura, böyük, bəlkə də dəniz boyda bir yerdi. Amma hər yan quru idi. İçəri ən dövlətli şahın xəzinəsindən belə, zəngin idi. Dəniz xəzinəsində ləl-cəvahirat, qızıl-gümüş əlindən tərpənmək olmurdu. Rəngarəng almaz və mirvarilərlə bəzədilmiş bəzəkli bir taxtda xəzinə sahibi oturmuşdu. Xəzinə sahibi oğlanın gəlişinin məqsədini bilib dedi:

- Bura çox dövlətlilər adam göndərib ki, Ağrı daşını əldə eləsin. 

Amma gələn geri dönməyib. Çünki qaydaya görə biz onu geri buraxmırıq. Hələ kimsə ağrını azaltmaq üçün bu daşı aparmağa gəlməyib. Gələnlər ancaq bu daşla pul qazanmaq istəyib. Əgər səni bura göndərən doğrudan adamlara kömək etmək üçün bu daşı istəyirsə, xeyirxahdır, mütləq səni xilas etməyə gələcək. Yox əgər, ağrı götürməklə varlanmaq istəyirsə, onda heç vaxt səni axtarmayacaq, burda qalacaqsan.
Ağrı daşını götürmək asandır, amma burdan qayıtmaq mümkün deyil. Gərək səni bura göndərənin özü gəlib səni xilas edə! 

Comərd ümidsiz dedi:

- Mən daşı gənc qıza aparırdım, o, bura gələ bilməz! Yerimi hardan biləcək?

- Yuxusuna girib burda olduğunu və səni xilas eləmək üçün arxanca necə gələ biləcəyini başa salacağıq. Biz deyən vaxta səni xilas etməsə, həmişəlik bizimlə qalmalısan! 

Belə deyəndə Su pərisinin çöhrəsi zalımlaşdı. Comərd gəldiyinə peşman deyildi. Çünki bunu xeyirxahlıq üçün etmişdi. Belə fikirlərlə oğlanı yuxu apardı. Yuxuda tacirin gözəl qızını gördü. Qız onu xilas eləməyə gəlirdi. Nə qədər yatdı, bilmədi... Gəlin onu qoyaq yuxuda, gedək tacirgilə! 

Ana və qızı tacirin bikefliyindən alverinin pis olmasını başa düşdülər. Amma tacir dincələndən sonra başına gələnləri külfətinə danışdı.

Neçə gün idi, Səma qarışıq yuxularını anasına danışırdı. Tacir dənizdən, qayadan danışanda gördülər, eyni şeyləri Səma yuxuda görmüş və demişdi ki, orda köməksiz bir oğlan onu xilas etməyə çağırır. Atasına qulaq asandan sonra qız dedi:

- Mən həmin oğlanı xilas eləməliyəm!

Ata qızını xoş dillə başa salmağa çalışdı:

- Mən o yolu zülümlə gedib-gəlmişəm, sən necə gedib Firəng ölkəsinə çıxacaqsan?

Ana-ata Səmanı sakitləşdirdilər:

- Sən, gördüyün yuxuya görə şəhərbəşəhər düşüb, yad ölkəyə gedəcəksən?

Səma heç nə eşitmirdi. Son neçə gündə gördüyü yuxuları yadına salır, tanımadığı oğlanı xilas etməyə yollar axtarırdı...

Hamı yatdı. Səma fikirləşdi ki, gecəni yatsın, səhərisi durub yola düzələr. Təzəcə yuxuya getmişdi ki, su pəriləri onu dövrəyə aldı. Hərəsi bir söz dedi:

- Ağrı daşı istəyirsənsə, tez ol, cavanı xilas et!

- Cavana yazığın gəlsin, səni gözləyir!

- Tələs, sonra gec olar, yolun on beş günlük yoldur, vaxtına az qalır, tələs, Səma!

- Ona yuxu mirvarisi verib yatırtmışıq ki, sizin dünya üçün darıxmasın.

- Sən gələndə onu oyadacağıq. Gəlməsən, o, əbədiyyət yuxusu ilə buradaca yatacaq! Yubanma, tez gəl!

Bundan sonra Səmanın gözünə yuxu getmədi. Qalxıb geyindi, yola düşdü.

Səma az getdi, üz getdi, dərə-təpə düz getdi, yatmadan, yemədən, dincəlmədən on beş günlük yolu on iki günə gəlib Firəng ölkəsinə çatdı. Yuxuda gördüyü qayanı tapıb başına dırmaşdı. Orda nurani baba oturmuşdu. Səma ona hər şeyi danışanda baba dedi:

- Cavanı xilas etməkdən ötrü sıldırım qayanın başından dənizə hoppan, sonra üzə-üzə dənizin dibinə get!

Qız qorxa-qorxa dedi:

- Axı mən üzə bilmirəm…

Qoca qızın qoxduğunu görüb, onu daha da qorxutdu:

- Qorxursansa, qayıt!

- Yox, mən oğlanı xilas edə bilmə- yəcəyimdən qorxuram! ‒ Deyib özünü qayadan dənizə atdı.
Bu, o vaxt idi ki, Su pərisi Comərdi yuxudan oyadırdı:

- Qalx, oğlan, səni xilas eləməyə gələn var!

Səma çatan kimi Comərdi görüb sevindi:

- Səni yuxuda gördüm, oğlan, xilas elməyə gəldim!

Comərd sevincək qıza “Sağ ol!”, dedi. Xəzinə sahibi onlara Ağrı daşını və çoxlu dəniz mirvarisi, qiymətli ləl-cavahirat verib, öz dünyalarına yola saldılar.

Pərilər Comərdlə Səmanı sahilə çıxartdı. 

Səma gedəndən ata-ana fikirdən yatağa düşmüşdülər. Ananın baş ağrıları artmış, atanın ayaqları tutulmuşdu. Səmanı görəndə ana çətinliklə ayağa qalxdı. Ata isə qalxa bilmədi. Səma başına gələnləri hamıya danışdı. Əvvəl Ağrı daşını atasının ayaqlarına sürtdü. Kişinin ağrıları yox oldu, o ayağa qalxdı. Sonra Ağrı daşını anasının başına tutdu. Ana da sağaldı.

Səma qayıdandan bir müddət keçmişdi, bir də gördülər qırmızı xalılarla bəzənmiş dəvə karvanı gəlir. Karvan çatanda qonaqları tanıdılar. Comərdlə atası idi.

Ata dəvədən düşüb elçi daşında oturdu.

- Allaha da qurban olum, onun elçisinə də ‒ deyib, Tacir qonaqlarla görüşdü.

Sən demə, Comərd bir könüldən, min könülə Səmaya aşiq olubmuş. Səma bunu biləndə sevindi, xəbər ürəyincə oldu.

Düz qırx gün, qırx gecə cavanlara toy elədilər. Mən də ordaydım. Getmişdim Ağrı daşını qoyum ağrılarım azalsın, çatanda yadıma düşdü ki, heç yerim ağrımır. Toyda qara zurna çaldı, Gülzar nənə o ki var oynadı. Toyun şirin yerində nağlımız qurtardı. Qaçhaqaç düşdü. Göydən çoxlu dəniz mirvarisi töküldü. Sapa düzdüm, boynuma taxdım. Gözəlliyim bir idi, oldu min. Sənə də arzuladım ki, min bir gözəllik içərisində yaşayasan!