Vaxtını yaşamağa sərf elə!

Müəllif: Gülzar İbrahimova

(İdeya dahilərdən götürülüb)

 

Bir nəfər səyahət eləmək, dünyanı, insanları daha yaxşı tanımaq qərarına gəlir. Yolda dəvələr yolu itirir, gəlib çıxır tanımadığı bir şəhərə. Şəhərə girmək üçün yol düz qəbiristanlığın içərisin-dən keçib gedirdi. Qəbiristanlıq elə gözəl və səliqəli idi ki, yolçu hər yana diqqətlə tamaşa eləməyə başlayır. Birdən gözü bir qəbir daşı üstündə yazıya sataşır. Ad, soyad.. yaşayıb: 12 il, 6 ay, 3 həftə, 2 gün.

Səyyah gördüyünə çox təsirlənir. O biri yazını oxuyur. Bu daşın üstündə isə daha az yaşanılan ömür tarixi yazılmışdı: 8 il, 2 ay, 1 həftə, 5 gün. Səyyahhın gözləri dolur. O, bir neçə başdaşı oxuyub, qəhərlənir, ağlamağını saxlaya bilmir. Bir daşın üstündə oturub fikirləşir: “Aman Allah, görəsən burda nə baş verib ki, bu qədər uşaq ölüb?”. Və zülüm-zülüm ağlamağa başlayır.

Burda bağban işləyən bir qoca ağlamaq səsi eşidib səyyaha yaxınlaşıb soruşur:

- Yaxın qohumundur, belə ürəkdən ağlayırsan?

- Yox, qohumum deyil, sadəcə bu qədər uşaq ölüb, ona ağlayıram. Bilmirsən nə baş verib, bu qədər uşaq birdən-birə ölüb?

Qoca gülümsəyib onu sakitləşdirdi: 

- Yox, heç nə baş verməyib, sakit ol! Sadəcə bizdə belə bir qayda var. Hər yeniyetmə 15 yaşa girən kimi ata-anası ona balaca bir kitabça hədiyyə edir. Bu kitabça bizim şəhərdə hər kəsin boynundan asılıb.

Hamı o kitabçanı ömür boyu yanında gəzdirməlidir!

- Səndə o kitabçadan var?

- Əlbəttə, - deyib qoca xalatının altından asılmış kitabçanı çıxarıb açdı, yazıları ilə bərabər qonağa göstərdi.

- Nə üçün kitabçanı yanında gəzdirməlisən?

- Həyatın boyu sənə xoş gələn, ürəyincə olan bir hadisə baş verən kimi onu kitabçanın sol tərəfinə yazırsan. Həmin xoş an nə qədər müddətə səni sevindirə bilirsə, onu isə sağ tərəfinə yazırsan.

- Məsələn necə?

- Məsələn elm öyrənib başa çatdın? Müəllimin səni tərifləyib alqışladı? Əlbəttə, buna sevinirsən. Həmin sevindiyin müddət iki gün, beş gün neçə gün çəkirsə yazırsan dəftərinə. Birini sevirsən, sevməyə başladığın gündən o sənə nə qədər sevinc bəxş edirsə, bir il, beş il, 7 il, həmin müddəti yazırsan dəftərinə. Axı hər şeyin sonu olduğu kimi, həm kədərin, həm də sevincin sonu var.

- Bu necə olur, bir az anlamaq çətindir?

- Niyə çətindir? Uşağa oyuncaq alırsan. O, bu oyuncağa nə qədər sevinir? Bir gün, uzağı iki, ya üç gün. Sonra oyuncaq adiləşir, atılır o biri oyuncaqların yanına.

- Deməli bütün sevinclər bir gün başladığı kimi bir gün qurtarır.

- Bəli, uşaq olanda sevinirsən. Uzun müddət sevinsən də bu sevinc bir gün yox olub, adi gündəlik həyata qarışır. Uşağının toyu olur. Bu da yeni bir sevincə çevrilir. Sonra insan həyatdan köçəndə həmin dəftəri açırıq, sevinc dolu anları sayıb toplayırıq, cəmi nə qədər olubsa, deməli həmin adam o qədər yaşayıb.

- Sevinmədiyi anlar yaşamaq sayılmır?

- Bizim qaydaya görə, onu yaşamaq hesab eləmirik!

Belə deyəndə səyyah bir xeyli danışmadı. Qoca soruşdu:

- Niyə susdun?

- Ürəyimdə yaşadığım günləri sayırdım.

- Neçə oldu?

- Heç bir həftə də düzəlmədi.

Bu dəfə qoca səyyahın halına ağladı. Səyyah daha şəhərə girməyib vətəninə qayıtdı. Qayıtdı ki, yaşamaq tərzini büsbütün dəyişib "yaşamağ"a başlasın. Elə sevinclə yaşasın ki, qocalanda yaşamadığına görə peşman olmasın.

 

 

Gülzar nənədən 

Eşit, sənə deyirəm! Yazdıqlarımın çoxunu mən də müdriklərdən eşitmişəm. Həyatın sonuna yaxınlaşmışam, görmüşəm ki, düz deyirlər, mən də sənə deyirəm! Mən sən yaşda olanda bunu mənə deyən olmayıb, mən isə sənə deyirəm. Bəlkə bu sözlərim həyatını az da olsa dəyişdi. 

Həyatda əl izləri, ayaq izləri müxtəlif olduğu ki, insanlar da müxtəlifdir. Heç vaxt iki eyni xasiyyətli, eyni ürəkli insan tapmaq mümkün deyil! Ona görə də heç zaman kiməsə oxşamağa çalışma, ola bilməyəcəksən. Elə yaşa, elə hərəkət elə ki, özün-özünlə fəxr edəsən: “Baxın, bu mənəm!”, - fəxrlə deyəsən!

Həm geyimdə, həm davranışda, həm nəzakətdə, həm ləyaqətdə, özün ol!

Yaxınlara düzgün yol göstərmək insani borcdur. Amma kiməsə zorla ağıl qoyub, mübahisə yolu ilə inandırmağa kimininsə gücü çatmaz. İnsana insan yox, Tanrı ağıl verir.

Heç kimin həyatında problem yaratma. Özün də heç vaxt imkan vermə ki, kimsə sənin həyatında problem yaratsın. Çünki zaman çox azdır. Onu həmişə qoru, qədrini bil. Bir yeyəndə, bir şənlənəndə, bir də dincələndə və yatanda tələsmə. Qalan vaxtı həmişə tələs ki, vaxtını yaşamağa sərf edəsən!