Küsüb getmiş uşaqlıq sevinci

Müəllif: Gülzar İbrahimova

Binamızın arxasında böyük tut ağacı, ağacın da altında köhnə bir skamya var idi. Çox vaxt məhəllə uşaqları yığışardıq tut ağacının altına söhbət edər, kiminsə ad günü olanda çalıb-oynayardıq.

Gizlənpaç oynayanda ağacın kötüyündə gözümüzü yumardıq. Tut vaxtı ağacdan düşməzdik.

Məhəllədə bütün uşaqlar tut ağacının altına yığışmağı, söhbətləşməyi xoşlayardı.

Bir gün yaxınlıqda bir dəzgah emalatxanası açdılar. Orda taxtadan çox maraqlı şeylər düzəldirdilər. Axşamlar uşaqlar evlərinə gedəndən sonra emalatxana müdiri də gəlib skamyada oturardı.

Bir gün o bizə dedi:

- İstəyirsiniz o ağacı kəsib sizin üçün qəşəng skamya və stol düzəldək.

- Uraa! ‒ Deyə, sevinclə qışqırdıq.

Səbrsizliklə skamyanın düzəldilməsini gözlədik.
Çox çəkmədi skamya da, stol da hazır oldu. Düzdür, bir-iki dəfə bir yerə yığıldıq, amma stol və skamya nə qədər gözəl olsa da, uşaqlar daha əvvəlki kimi bir yerə yığışmadı. Quşlar daha bu tərəflərə gəlməyib, uzaqlara uçub getdi. Onların cəh-cəhi həmişəlik kəsildi.

Görüşlərimiz əvvəlki kimi şirin, qayğısız, dadlı olmadı. Əvvəllər hamını evdən bir neçə dəfə çağırandan sonra ayrılırdıqsa, indi hərə özü evə gedirdi. Daha heç kəs əvvəlki kimi kötüyün yanına həvəslə, uça-uça gəlmirdi. Hərdən skamyada emalatxanada işləyənlər otursa da, çox vaxt boş olurdu.

Beləcə uşaqlıq xatirələrimiz tut ağacı ilə birgə kəsildi. Bir də böyüyəndən sonra səhvimizi başa düşdük. Başa düşdük ki, təbiətin gözəlliyini cansız, səssiz, ətirsiz, sünii gözəlliyi olan taxta parçasına dəyişmişdik.

Böyüyəndən sonra səhvimizi başa düşdük, peşman olduq. Hər dəfə pəncərədən boş qalmış skamyaya baxıb təəssüf hissi ilə “ah” çəkirdik. Amma bu peşmançılıq nə küsüb getmiş quşları geri döndərə bilirdi, nə də bizim uşaqlıq sevincimizi...