Cavan hakim

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

 

Bir cavan tacir başqa ölkəyə getməyə hazırlaşır. Yolda qoca qonşusunu görür pulunu ona verir ki, saxlasın qayıdanda ondan götürər.

Bir il keçəndən sonra cavan tacir səyahətdən qayıdır. Qoca qonşusundan pulunu istəyir. Qoca and-aman eləyir ki, sən mənə pul verməmisən. İş gedib hakimə qədər çatır. Hakim cavandan soruşur:

- Sən bu adama pul verəndə yanında şahid olub?

- Yox, heç bir şahid filan yoxuydu, pulu verdim ona, o da oturdu böyük bir daş var idi onun üstündə pulları sayıb götürdü.

- Get o daşı gətir mənə, qulağımı ona dayayıb, sizin söhbətinizi eşidəcəyəm. – hakim dedi.

Cavan təəccübləndi:

- Bu, mümkün deyil axı, o boyda daşı mən bura gətirə bilmərəm!

Hakim qışqırdı:

- Sən mənə ağıl öyrətmə, dedim get, deməli get!

Oğlan təzəcə getmişdi ki, hakim qışqırmağa başladı:

- Siz məni aldadırsınız, oğlan getdi amma hələ gəlib çıxmır.

Bunu eşidən qoca dilləndi:

- İndicə getdi ki, ora çox uzaqdır , hələ gedib çatmaz!

Hakim qocaya acıqlandı:

- Sən əgər oğlanla görüşüb pulu götürməmisənsə, oranın uzaq olduğunu hardan bilirsən? Deməli cavan düz deyir, o haqlıdır! Oğlanın pulunu qaytar təcili!

Cavan qayıdanda görür ki, məsələ həll olunub. Qoca onun pulunu özünə qaytarır.