Köhnə xalat

Müəllif: Gülzar İbrahimova

Bir müdrik insan olur. Hamı onu sevir, onu hörmət edir, ondan məsləhət alır. Bir gün bazarda onu tanımayan birisi hamının yanında onu təhqir edir, savadsız, ləyaqətsiz adlandırır. Müdrik insan cavabında gülümsəyir.
Bahalı geyimli bir gənc buna məəttəl qalır. Hamı dağılışandan sonra yaxınlaşıb müdrik insandan soruşur:
- Səni tanıyıram. Ağlına, nitqinə heyranam. İstəsəydin, hazırcavablığınla, savadınla səni nahaqdan şərləyən, təhqir edən birisini bir dəqiqəyə susdurardın. Niyə ona cavab vermədin?
- Ardımca gəl, sənə cavab verim!
Müdrik insan cavanı aparır köhnə paltar satanın yanına. Bir cındır, yamaqlı, çirkli bir xalat seçir. Onu cavana verib deyir:
- Geyin bu xalatı!
- Əynində bahalı, səliqəli paltar olan gənc köhnə xalatı əlinə də almayıb təəccüblənir:
- Neyləyirəm bunu, o mənə yaraşmaz!
- Bəs mən də bayaqkı adamın sözlərini götürmədim. Fikirləşdim ki, o sözlər mənə yaraşmaz. O öz sözlərini zorla mənə verə bilməz! Gülümsədim ona görə ki, həmin adam kənardan çox gülünc görünürdü. ürəyimdə isə ona yazığım gəldiyindən Allahdan ona ağıl dilədim!