Gombul şah

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

 

Bir gombul şah vardı. O, elə kök idi, yeriyə bilmir, çətin-liklə nəfəs alırdı. Nə qədər onu müalicə eləyirdilər, xeyri olmur, kökəlirdi ki, kökəlirdi. Onun yaxın dostu bilici bir təbib idi. Bir gün o, şaha dedi:

- Şah sağ olsun, mən ulduz kitabında fal açaram, ulduzlar nə göstərsə, mütləq o dərmanı düzəldib səni arıqladaram!

- Çox yaxşı! ‒ Şah sevindi. - Gör ulduzlar nə göstərir...

Səhər təbib bikef görəndə şah qorxub soruşdu:

- Niyə bikefsən?

- Deməyə dilim gəlmir, şahım, qorxuram!

- Necə yəni dilin gəlmir, tez de görüm ulduzlar nə göstərdi? ‒ Şah soruşdu.

- Ulduzlar göstərdi ki, şahın qırx gün ömrü qalıb. Vədə yetişən kimi öləcək.

- Atın təbibi zindana! ‒ Deyə, Şah qəzəbləndi.

Amma şah doğrudan qorxdu, özünə yer tapa bilmədi: "Bəlkə doğrudan ömrümə az qalıb? Bəlkə ulduzlar düz deyir". Şah o qədər fikir eləməyə başladı ki, yeməkdən kəsildi. Onu sevənlər sağ ikən ona ağlamağa başladılar. Qırx gün keçdi. Şah bu qırx gündə o qədər arıqladı ki, onu tanımaq olmadı. Nə qədər arıqlasa da, ölmədi. Əmr etdi təbibi zindandan çıxarıb onun hüzuruna gətirdilər. Ondan kinayə ilə soruşdu:

- Məni yalandan qorxuya saldığına görə, səni edam elətdirirəm. Nə demək istərdin?

- Dostumu arıqlatmaqçün başqa yol bilmədim, bir bu yol gəldi ağlıma!

Şah sevindi və dostunu qucaqlayıb ona çoxlu hədiyyə verdi.