İnşa

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

 

Sinfimdə şagirdlərimi çox sevirdim. Əli adlı bir şagirdim var idi, nədənsə hamıdan çox onu istəyirdim.

Bir gün dərsdən sonra sinifdə bikef oturmuşdum, gözüm yol çəkirdi. Gözlərimi dikmişdim Əlinin asılqandakı məktəbli pencəyinə. Əli sinifdən çıxmışdı ki, ata-anasını qarşılayıb sinfə gətirsin. İndicə bura Əlinin boşanmağa hazırlaşan valideynləri gələcəkdi. Bilmirdim söhbəti nədən başlayam, ata-anaya necə çatdırım ki, onların bir vaxt əlaçı oğlanları indi çox pis oxuyur. Dərsi tez-tez pozur, özünü pis aparır, hamı ilə kobud rəftar edir, hətta mənə də cavab qaytarır.

Həmişə şən oğlan indi bir söz deyən kimi hirslənir, adamı acılayır, hətta ağlayır da...

Valideynlərin xəbəri yox idi ki, mən onların ikisini də eyni vaxtda məktəbə çağırmışam. Amma bunu eləməliydim. Onlara sübut eləməliydim ki, Əli sevdiyi valideynlərinin boşanması xəbərindən sonra bu hala düşüb.    

          Əvvəl Əlinin anası, sonra isə atası gəldi. Fikirləşdim bu yaxşıdır, deməli, balalarına qarşı laqeyd deyillər. Onlar bir-birinə acıqla baxıb, ayrı partalarda oturdular. Ürəyimdə Allaha yalvardım bu iki adamı barışdırmaq üçün mənə güc versin. Heç olmasa Əlini nə hala saldıqlarını dərk etsinlər. Nədənsə, lazımi söz tapa bilmirdim. Onda fikirləşdim valideynlərə Əlinin səliqəsiz yazıb-atdığı inşalardan bir vərəq göstərim... Beləcə, mən Əlinin oturduğu arxa küncdəki partaya yaxınlaşdım, göz yaşına bulaşmış, hər iki tərəfi yazılı, əzik-üzük, sarımtıl vərəqi yerdən götürdüm. Vərəqdə dəfələrlə təkrarlanan yalnız bir cümlə yazılmışdı.

Vərəqin əziklərini hamarlaya-hamarlaya onu Əlinin anasına verdim.
O, yazıları oxuyub, bir söz demədən yoldaşına uzatdı. Ata əvvəl üz-gözünü
turşudub, qaşqabağını tökdü. Sonra yumşalan kimi oldu. Əlinin bir cümləlik cızma-qarasını oxumağı elə bil bir saat çəkdi. Nəhayət, vərəqi səliqə ilə qatlayıb cibinə qoydu və arvadının ona uzatdığı əlindən tutdu. Qadın gözünün yaşını silib gülümsədi. Elə mənim də gözlərim yaşarmışdı, amma, onlar bunu görmədi. Əlinin atası paltosunu geyməkdə anaya kömək etdi və onlar sinif otağından üçü bir yerdə çıxdı.  Kağızda isə yazılmışdı: “Anacan... Atacan... Mən sizi sevirəm...  mən sizi sevirəm... mən sizi sevirəm...”