Gələcəyin yazıçı və şairləri Yazıçılar Birliyində

Müəllif: Gülzar İbrahimova

Dekabrın 15 - də Yazıçılar Birliyində Azərbaycan yazıçılar Birliyi və “Sehrli Dünya” uşaq jurnalının birgə layihəsi olan nağıl, hekayə və şeir müsabiqəsinin yekun mərhələsi keçirildi. 7-13 yaş qrupunda ədəbiyyatsevər uşaqların iştirak etdiyi bu müsabiqəyə 37 qalib uşaq və dolu zal böyük gəlmişdi. Qalib uşaqlar müsabiqənin yekun mərhələsində iştirak etmək üçün şəhərdən əlavə, Bakı kəndləri – Əmircandan, Balaxanıdan, hətta uzaq rayonlarımız – Ağdaş, Xaçmaz, Hacıqabuldan da həvəslə  gəlmişdilər. 

Müsabiqə iştirakçılarına gələcək yaradıcılıq işlərində uğur diləməyə Azərbaycanın sevilən xalq şairi Fikrət Qoca gəlmişdi. O balaları təbrik edərək dedi: “Əziz balalar! Siz bu gün oturduğunuz kürsülərdə bir vaxt sevimli yazıçı və şairlərimiz Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Osman Sarıvəlli əyləşib. İndi isə siz öz zəhmətinizlə, istedadınızla gəlib bura çıxmısız. Bu çətin yolunuz açıq olsun, deyib, uğurlu yol diləyirəm sizə! Gün o gün olsun ki, siz Azərbaycanımızın tanınmış şair və yazıçıları olasız!”.

Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllim və Birliyin katibi Çingiz Abdullayev müsabiqə yekununda iştirak edə bilməsələr də, gələcəyin yazıçı və şairlərinin uğurlarına biganə qalmamış, qaliblərə təbriklə bərabər öz kitablarını da hədiyyə göndərmişdilər.

Müsabiqənin münsiflər heyəti Qəşəm Nəcəfzadə, Nuranə Nur, Gülzar İbrahimova çıxış edib heyranlıqla uşaqların əsərlərini təriflədilər. Onlara tutduqları yolda böyük müvəffəqiyyətlər arzu etdilər.
Kiçik uşaqların böyük əsərlərinə görə onlara diplomlar və hədiyyələr təqdim edildi.