Gəl, dərdləşək!

Müəllif: Gülzar İbrahimova

Vicdan borcu

Bir gün getdik  Bakı kəndlərindən birində - Şaqanda yerləşən fiziki və əqli qüsurlu uşaqlarla görüşə. Hara uşaqlarla görüşə gedirik, bizi həvəslə gözləyirlər. Burda isə uşaqlar bizi gözləmirdilər. Çünki onların öz dünyaları var, o dünyadan onları heç nə ayıra bilmir, nə həkimlər, nə müəllimlər. Onların çoxu əlillər üçün olan kreslolarda oturmuşdular. Amma gəlişimizə sevindilər. Danışa bilməsələr də, sevincləri gözlərindən görünürdü. Əllərində, ayaqlarında əyrilik olsa da, üzlərində bir nur vardı hamısının. Bəlkə də yoxdu, mən onu görürdüm, nə isə... Həyat sirrlərlə, sehrlərlə doludur. Sadə insan beyni ilə dərk edilməyən o qədər bilmədiklərimiz var ki...

Aramızda Türkiyədən gəlmiş qeyri-adi bir qonaq da var idi – İstambul Sosial Müdafiə Mərkəzinin İstambul üzrə müavini Xalis bəy. ----- da gəlmişdi.

Xalis bəy anadangəlmə gözdən əlildir. Gözləri anadangəlmə heç görmür. Amma gəlmişdi xəstə balaları  ziyarət etsin. Bizim yaxşı işlərimizi öyrənsin, ölkəsinə aparsın, orda tətbiq eləsin. Biz bilmədiklərimizi də bizə öyrətsin. O bizimlə bərabər əlil uşaqların otaqlarını gəzirdi.

-       Bu balacalar üçün oyun otağıdır. Bu böyük, yumşaq şirdir!

Belə deyəndə, Xalis bəy xeyirxah əlləri ilə şiri tumarlayır, gördüklərini vətənində danışmaq haqda belə bir yolla yaddaşına yazırdı.

-       Bu şahmatı kim oynayır? - deyə əlini stolun üstündəki şahmat taxtasına sürtdü, sonra isə şahı əlinə götürüb dedi:

-       Çox gözəl şahmatdır!

-       Doğrudur, bahalı, gözəl şahmatdır, bunu nə ilə təyin eləyə bildiz?

Ya sual Xalis bəyin xoşuna gəlmədi, ya da şahmatı bildiyini bildirmək istədi:

-       Kim istəyir, onunla oynaya bilərəm! – Gözü dünya işığına həsrət Xalis

bəy belə deyəndə hamı məəttəl qaldı.

-       Bəs rəngləri necə ayırırsız? – Xalis bəyin hər kəlməsi bizə maraqlı idi. Həm də

onun sualından yayınırdıq. İlk dəfə idi ki, şahmatı vaxtında öyrənmədiyimə görə özümə nifrət elədim. Elə nifrətin içərisindəydim, Xalis bəyin sözləri məni ordan çıxartdı:

-       Ağ damalar düz olur, qara damalar elə düzəldilib ki, ondan bir az çıxıntılı olur.

Xalis bəy danışır, şahmatı oynamaq qaydasını çox maraqla bizə başa salmağa

çalışırdı. Danışdıqca, elə bilirdim, o görür, mən görmürəm. Xəcalətimdən az qalırdım stollardan birinin altına girim. Heç vaxt məni düşündürməyən bir sual indi məni narahat elədi: “Doğurdan ha, sağlam cəmiyyətdə yaşayasan, hər yanda pulsuz şahmat məktəbləri ola, Tanrı sənə düşünən beyin, görən göz verə, sən isə şahmat kimi maraqlı, zehni inkişaf etdirən, düşündürən bir oyunu oynaya bilməyəsən. Beynimdə bir sual yarandı: “Kimdir kor?”. Bu da bir “nə isə”...

 

Beş qardaşdan biri ali təhsillidir, o da anadangəlmə görmür.

Xalis bəy beş uşaqdırlar. Dördü sağlam, biri dünya işığından mərhum, gözdən qüsurlu. Beş qardaşdan biri - gözü olmayan ali təhsillidir, gözü olanlar ali təhsilsiz. Gözü olmayan olmayan gözü ilə dünya işığına həsrər qalanlara həyan olur, onların hüquqlarını qorumaq üçün müxtəlif əhəmiyyətli lahiyələrə rəhbərlik edir. Seminarlar təşkil edir ki, gözləri görməyənlər görməsələr də həyatdan geri qalmasınlar, əlləri, beyinləri yeni texnikanın köməyi ilə dünyada olan hadisələri izləyə bilsin, elm öyrənsin, insanlara nəinki problem artırsın, yox, özü də lazımlı insana çevrilə bilsin. Yüyürüb yeni texnikaya  çata bilsin. Dünyanı gəzir, öyrənir. Daima yeniləşən texnikanı seminarlar vasitəsilə yurduna daşıyır ki, kiminəsə sevinc, kiminəsə bilik, kiminəsə ümid versin. Çörəksiz, paltarsız yaşamaq olar, ümidsiz  isə mümkün deyil.

Xalis bəy görmür, amma o qədər savadını artırıb, bilik, elm öyrənib ki, öyrəndikləri yoluna çıraq olub, yolunu elə işıqlandırıb ki, adi, sağlam insanlar  kimi yaşaya bilir. Cavan olmasına baxmayaraq, dörd uşaq atasıdır. Balaca balalarını idmana, müxtəlif dərnəklərə özü aparıb-gətirir.

 

Dünyanın ən xoşbəxti

-        “Xalis bəy! Uşaqlıq və gənclik illərində başına gəlmiş ən maraqlı, yadında qalan, sənə xoşbəxtilk bəxş edən maraqlı bir hadisəni danışa bilərsənmi?

-       Universitetdə oxuyurdum. Bir qoca müəllimimiz vardı. Uşaqlar onu çox istəyər, həmişə hörmətini saxlardılar. Bir gün həmin müəllim tələbələrə belə bir sual verdi: “Türkiyədə neft əsas hansı şəhərdə çıxarılır?”

Cavabı kəs tapmadı. Qrupumuzda gözü görməyən təkcə mən idim. Qalanları sağlamdı. Müəllim: “Belə adi, asan sualın cavabını bilməyən cəzalanacaq!”, deyib hirslə əl atdı xətkeşinə. O sıra ilə gəlir, eyni sualı hamıya verir, cavabı bilməyənin xətkeşlə əlinin üstündən möhkəm çırpırdı. Düzdü, xətkeş balaca idi, çox incitməzdi, amma hiss edirdim  hamı qorxur. Mənim isə qorxum bir şeydən idi: “Mənə yazığı gələcək, vurmayacaq!”. Həyatda nifrət elədiyim bir şey idi ki, kiminsə mənə yazığı gəlsin. Müəllim mənə çatıb eyni sualı verdi, cavabı bilmədim, əlimə. Onda mən özümü o qədər xoşbəxt hiss elədim ki... Müəllim mənə fərq qoymadı.

Məncə insanlar çox diqqətli olmalıdırlar. Başqasına adi, əhəmiyyətsiz  görünən bir söz,  kimi isə xoşbəxt və ya kimi isə bədbəxt edə bilir. Bu balaca “zərbə” bir xoş xatirə kimi mənim yaddaşımda həmişəlik qaldı.

 

Vicdan borcu

Əli çomaqlı dünyanı gəzən Xalis bəy danışanda adamın üzünə yox, ruhuna baxa bilir. O, söhbətinin axırında dedi:

Çalışdıqlarım ondan ötəridir ki, necə ki sağlam uşaqların qayğısına qalınır, eləcə də əlil, xəstə uşaqların qayğısına qalınsın. Hər kəs bacardığı, görə bildiyi işlə, əlindən gələni etməklə, insan adına layiq vicdan borcunu yerinə yetirə bilər.