Gülzar nənə ilə Güvəquşunun macəraları

Müəllif: Gülzar İbrahimova

Çoxdandır nağıl yazmıram. Soruşacaqsan niyə? Evimə Güvəquşu girib.  Deyəcəksən: “Girib, girib də, qov getsin, sonra nağılını yaz. Amma bu sən düşündüyün qədər də asan deyil. Bu Güvəquşu elədir ki, onu qova da bilmirsən, bayıra sala da bilmirsən. Qoy əhvalatı sənə əvvəldən danışım.
Bir gün kompyuterin qarşısında oturmuşdum, “gulzarnene.com” saytıma girmişdim,  təzə nağılımı ora yerləşdirirdim, bir də gördüm kompyuterdən klaviaturanın üstünə balaca, qırmızı bir cücü hoppandı. Onu qovub pəncərədən bayıra saldım.
Elə bildim həyətdəki ağacdan düşüb. Bir azdan pəncərənin döyüldüyünü eşitdim. Diqqətlə baxanda gördüm pəncərəni döyən qırmızı saçlı, qırmızı donlu balaca bir qızdır. Özü də ağlayır. Soruşdum:
- Kimsən, niyə ağlayırsan? 
Sualıma cavab verməyib işarə ilə başa saldı ki, pəncərəni açım. Açdım pəncərəni. İçəri girdi. Sualımı yenə təkrar elədim. Yenə cavab verməyib dedi:
- Acam, yeməyə bir şey ver yeyim, sonra danışım!
Fikirləşdim, balacadır, yəqin süd xoşlayar. Süd ilə çörək gətirdim. Gördüm yoxdur.
- Hardasan? - soruşdum.
- Burdayam! - səs divanın altından gəlirdi.
- Ora niyə girmisən?
- Dedim bəlkə dadlı bir şey tapıb yedim!
- Divanın altında dadlı nə ola bilər ki? - təəccüblə  soruşdum:
- Çıx ordan, sənə dadlı süd gətirmişəm.
Divanın altından çıxdı. Südə baxıb üz-gözünü turşutdu:
- Süd istəmirəm, acından ölürəm, dadlı bir şey istəyirəm!
Soyuducunu axtardım, yumurta tapıb bişirdim . Yanına pomidor, kolbasa qoyub gətirdim:
- Nuş olsun, ye! – dedim.
Ona da ağzını büzdü, üzünü çevirdi:
- Mən belə şey yemirəm, - dedi.

Hirsləndim:
- Balaca xanım, bəs sən nə istəyirsən?
Gecənin bu vaxtında sənə dadlı yemək hardan tapım? Bəlkə konfet, şokolad, ya da dondurma istəyirsən?   
- Onları da yeyə bilmirəm!
- Daha mən sənə heç nə verə bilmərəm!
- Özün bil, acından ölərəm, gəlmişəm sənə təzə xəbərlər deyim, demərəm.
- Yeməyə nə istəyirsən, özün de, gətirim!
- Yun paltar, yun əlcək, yun sap da olar. Yunun özü də olsa, pis olmaz!
Qulaqlarıma inanmadım. Doğrudan görəsən bu balaca qız mən yaşda nənə ilə zarafat edir?
Hirsləndim:
- Bura bax, balaca, məni ələ salırsan?
- Yox, Gülzar nənə, nə danışırsan, heç bu ağlıma da gəlməz, mən səni çox istəyirəm.
- Hardan tanıyırsan məni?
- Bunların hamısını yeyəndən sonra danışacağam. İstəyirsən, icazə ver, özüm istədiyimi götürüm yeyim!
- Götür, icazə verirəm!
Balaca qız stula qoyulmuş döşəkçədən balaca bir deşik açdı. Sonra isə onun içərisinə girdi. Girməyi ilə də döşəkçənin yarısı boşaldı.
- Ey, sən! Orda nə işlə məşğulsan? - deyə əyilib döşəkçənin deşiyindən baxdım, amma heç nə görmədim. Bir azdan özü döşəkçənin içərisindən çıxıb qarnını tumarladı:
- Bax, bu başqa məsələ. Mən hələ ömrümdə belə dadlı yun yeməmişdim.
- Tapdım, sən Güvəquşusan!
-  Deyəsən!
- Hardan gəlib, hara gedirsən? Mənim evimə hardan düşmüsən?
Başladı danışmağa. Sual verməyimə peşman oldum. O qədər danışdı, o qədər danışdı ki... O vaxtdan danışır. Nə gecəm var, nə gündüzüm, hara gedirəm mənimlə gedir. Yatıram yanımda yatır, dururam, məndən qabaq oyanır, vanna otağına qaçır. Deyirəm çıx get, baş-qulağım getdi, başlayır ağlamağa, “Məni qovursan, deyir!”.
Yəqin sənə də maraqlıdır ki bu Güvəquşu hardan gəlib çıxıb?

Onda danışdıqlarından sənə də deyirəm, xəbərin olsun. Güvəquşu başına gələnləri belə danışdı:
- Bildiyimə görə qədim zamanlarda biz Güvəquşular çox geridə qalmışdıq. Böyüklərimiz bizi bayıra çıxmağa qoymur, bütün gün evdə qalırdıq. Hərə bir evdə yaşayırdı. Kimisi bir evin anbarında, kimisi, bir mənzilin şkafında, kimisi bir paltar boxçasında, kimisi yun fabrikində. Bütün günü yun yeməklə məşğul olardılar.
Beləcə dünyadan xəbərsiz yaşayar, heç bir faydalı işlə məşğul olmadan ömürlərini başa vurardılar. Müasir dövrdə isə biz azadıq, hara istəyirik, gedirik. Harda istəyirik, yaşayırıq. Hansı iş ürəyimizdəndirsə, o işlə məşğul oluruq.
Bir gün anama dedim:
- Mən istəyirəm Kompyuter ölkəsinə gedim, orda yaşayım!
Anam çox yalvardı, inadımdan dönmədiyimi görüb, nəhayət razılaşdı. Amma möhkəm tapşıırdı:
- Orda məhv olarsan. Kompyuter dünyasında yaxşılarla bərabər pislər, vəhşilər var, yalançılar var, “hop”, deyib səni udarlar. Ehtiyatlı ol!
Əvvəl-əvvəl mənə çətin deyildi. Dünyanı gəzir, uşaqlarla dostlaşır, məktublaşır, oyun oynayırdım. Sonra bəzi şeyləri öyrəndim. Öyrəndim ki, kompyuterdə viruslar olur, onlar pislik, mikrob yayırlar. Tədqiqat aparmağa başladım. Elmi iş götürdüm. Elmi işimin adı beləydi: “Mikrobları Müdafiə Mərkəzinin işi və fəaliyyəti, onları məhv eləməyin yolları”. Yazdım. Başa çatdıranda kompyuter alimləri başıma yığıldı. Mənə qulaq asdılar. O məqam gəlib çatdı ki, elmi işimi sübut eləməliydim. Mikroblar virusu necə hazırlayırlar, onları necə məhv eləmək olar... Bu vaxt işıqlar söndü. Qaranlıqda elmi işimi kimsə əlimdən aldı. Özümü isə zorla harasa çəkib aparmaq istəyirdilər, qışqırdım.
İşıqlar yananda elmi işimi tapa bilmədim. Mövzumun müdafiəsi yarımçıq qaldı. Heç nə sübut eləyə bilmədim.
O vaxtdan məni viruslar qovur ki, tutsunlar. Yəni, təqib edirlər. 
Qaçıb burda gizlənmişəm. Hərdən internetə girsəm də virusların qorxusundan tez qaçıb bir yerdə gizlənirəm.
- Qorxurdunsa, niyə viruslarla mübarizəyə başlayırdın? - Onu sınamaq üçün soruşdum.
- Əslində onlardan qorxmuram. Sadəcə elmi işimi təzədən yazıb sübut eləmək istəyirəm ki, virusları məhv etmək mümkündür! – Deyib Güvəquşu sağ ayağını bərkdən yerə vurdu.
- Tutaq ki, sübut elədin, sonra? – Eynəyimi çıxarıb maraqla soruşdum.
- Bilərəm ki, mən də xeyirli bir iş görmüşəm!
- Xoşum gəldi səndən, dostluğumuz tutar! Bu gündən adını Güvəş qoydum, - dedim.
Güvəşə xüsusi yer düzəltdim, özü də balaca çamadanda. Ora divan, stol, stul, hətta balaca televizor da qoydum. Qələm, kağız, balaca işıq da öz yerində. Fikirləşdim qoy balaca alim istədiyi vaxt elmi işi ilə məşğul olsun. Bir tərəfdə isə yun corab, yun şərf, yun papaq qoymuşam. İstədiyi vaxt yesin. Razılaşmışıq. Mən nağıl yazmaq istəyəndə çamadanın ağzını bağlayacağam, o da ya televizora baxacaq, ya da yazı yazacaq. Mən yazımı qurtarandan sonra açacağam, çıxacaq.
Bax, Güvəşlə tanışlığımız belə başladı. Sonra nə oldu, onu sonra deyərəm, jurnalımızın növbəti sayında.