Yaz yağışı

Müəllif: Gülzar İbrahimova

 

 

Sən demə, Nağıllar dünyasında yaz daha gözəl olurmuş. Hər tərəf gözəlləşir. Ağaclar yaşıllaşır. Çiçəklər açır. Təbiət başına güldən, çiçəkdən çələng hörüb qoyur.
Yazda hərə bir işlə məşğul olur. Yazın gəlişinə sevinən hər kəs baharı öz qaydası ilə qarşılayır. Kimi əkin əkir. Kimi ev-eşiyi yığışdırır, kimi toz-torpağı təmizləyir, kimi evinin divarını ağardır. Bir sözlə, hərə bir iş görür.
Təkcə iş görməyən tənbəl Dovşandır. O gah yatır, gah durur, gah da əl-üzünü yumamış dərsə gedir. Bir neçə gündür lap tənbəlləşib. Nə dərsə qulaq asır, nə də dərsini oxuyur. Televizorda cizgi filminə baxır, sonra da tənbəl-tənbəl yatır, tənbəl-tənbəl qalxır. 
 Hətta dərsin şirin yerində müəllimə ondan soruşdu:
-Yovşanov Dovşan, başa düşdün?
                          - Əlbəttə, müəllimə.                                   
  Amma həmin gün o, heç bir şey başa düşməmişdi. Çünki fikri axşam baxdığı cizgi filminin yanındaydı.
  Səhər gözəl yaz günü olduğundan müəllimə dedi:
- Bu gün dərsimiz açıq havada olacaq!
- Uraaaaa! – Hamı sevindi. Tez sinifdən çıxıb çölə qaçdılar.
   Hesab dərsi Dovşan üçün darıxdırıcı olsa da, açıq havada keçildiyi üçün maraqlı idi. Ona görə də əlini qaldırdı.
   Müəllimə dedi:
- Lövhəyə - misalları həll eləməyə çıxsın... çıxsın... Yovşanov Dovşan!
 Yovşanov Dovşan sevindi. Tez lövhəyə çıxdı.  Bu, Yovşanov Dovşanın ürəyindən oldu. O da istəyirdi başqa uşaqlar kimi lövhədə misallar həll eləsin, müəllimə onun da başını sığallayıb “Əhsən sənə!” söyləsin.
Amma sən demə, iki gündür təzə dərs keçilib. Müəllimə mötərizənin içərisindəki misalların həlli qaydasını başa salıb. Əgər misalın içərisində mötərizə varsa, onun həlli tamam başqa cürdür.
Bu dərsə isə Yovşanov qulaq asmamış, üstəlik, evdə də dərsə hazırlaşmamışdı.
Dovşan misalları tez həll eləsə də, uşaqlar nədənsə gülüşməyə, pıçıldaşmağa başladılar.  
Yerdən ona yavaşca nə qədər başa salsalar da, Yovşanov Dovşan heç nə başa düşə bilmədi. Uşaqlar işarə ilə başa saldılar ki, o, “2” qiymət alacaq.
Amma Yovşanov Dovşan başa düşmədi ki, niyə? O, cavablarını bir də yoxladı.
Ona elə gəldi ki, misalları düzgün həll eləyib.
Müəllimə bu vaxt partaların arasında gəzişir, uşaqların dəftərlərinə baxırdi. Birdən o, başını qaldırdı. İstədi lövhədəki misalları yoxlasın. Bu vaxt ildırım çaxdı, göy guruldadı, möhkəm bir yağış başladı. Dovşan hirsləndi. Qaşqabağını tökdü. Onun yağışdan heç xoşu gəlmirdi.
Hamı durub sinfə qaçdı. Yağış lövhədəki misalları yuyub apardı.
Dərsdən sonra sinif yoldaşları yığışıb səhvini Yovşanova başa saldılar. O, başını qaşıyıb dedi:
-Doğrudan da yaz yağışı necə də gözəl olurmuş, qoymadı ki, mən “2” alam...
Həmin hadisədən sonra Yovşanov Dovşanın tənbəlliyi keçib getdi. Və o yaz yağışını lap çox xoşladı.