Sirus və Virus Mikroblar ölkəsində

Müəllif: Gülzar İbrahimova

Sirus və Virus Kompyuter dünyası ilə yorulmadan səyahət edirdilər. Ağıllılar ölkəsindən vurur, Azad uşaqlar şəhərciyindən çıxırdılar, Dondurma şəhərciyindən qaçıb, Səfehlər şəhərindən çıxırdılar.  Dostların kefi çox kök idi. Onlar deyib-gülür, şənlənirdilər. Sirus iki dəfə Virusu ölümdən qurtarmışdı. Virus and içmişdi ki, daha dostuna heç vaxt paxıllıq, pislik eləməyəcək!
- Tək mənə yox, - Sirus dedi, - sən pisliyi atmalısan! Nəinki mənə heç kəsə pislik eləməməlisən! 
- Oldu, xilaskarım, daha heç kəsə pislik eləmərəm! Dostum belə məsləhət görürsə, belə də eləyərəm!
- Bir dəfə də pisliyini görsəm, onda mütləq ayrılacağıq!
Dostlar arasında belə bir anlaşma olmuşdu.
Amma bir gün yenə dostlar arasına inciklik düşdü. Bu belə olmuşdu.
Bir gün Virusun qol kompyuterinə mesaj gəldi: “Təcili Mikroblar ölkəsinə gəl!”. Bu amiranə mesajı oxuyan kimi Virusun rəngi oldu ağappaq. O, qolunu gizlətməyə çalışsa da, mesaj Sirusun gözündən yayınmadı. Təəccüblə dostuna baxıb soruşdu:
- Belə bir ölkə tanıyırsan?
- Əlbəttə tanıyıram, Mikroblar ölkəsi mənim vətənimdir!
- Amma həmin ölkə haqda mənə heç nə danışmamısan! Orda hər şey mikrobludur?
- Nə danışım? Ölkənin adından hər şey məlumdur. Haqqında da danışım? Təkcə mikroblu olsaydı nə vardı?
Virus susdu, bu haqda danışmaq istəmədi. 
- Danış, niyə bikef oldun? - Sirus təkid elədi.
- Mikroblar ölkəsində mikroblar, viruslar yaşayır, bakteriyalar cücərdilir, pislər yaradılır.
- Bəs mesajı sənə oradan kim göndərib?
- Tanışdandı, - deyə Virus həqiqəti dostundan gizlətmək istəsə də artıq gec idi. Sirus şübhə içərisində fikirləşdi: “Tanış üçün bir az şübhəli mesajdı: “Təcili Mikroblar ölkəsinə gəl!”. Niyə tanış Virusa əmr edir?”.
Sirus qərara gəldi ki, Virusu tək buraxmasın:
- Mən də səninlə gedirəm! Əgər hər yana bir gediriksə, niyə Mikroblar ölkəsinə bir getməyək? 
- Sirus, əziz dostum! Gəl bu fikrindən dön! Nə işin var sənin Mikroblu ölkədə, virus tutasan, mikrob udasan? Mən mikrobdan yaranmışam, mənə heç nə olmaz. Sən məhv olarsan! Tərsliyindən əl çək!
- Bir gedəcəyik, mənə maraqlıdır Mikroblar ölkəsi!
Çox mübahisədən sonra nəhayət Virus razılaşdı:
- Əl çəkmirsən, gedək! Bir şey olsa məndən deyil!
- Getdik!  
Dostlar hər bir ölkəyə sevinclə getsələr də nə Sirus, nə Virus  Mikroblar ölkəsinə sevinclə yollanmadılar.
Onları Mikroblar ölkəsinin eybəcər sakinləri qarşıladı. həm geyimləri, həm üzlərinin qəribə ifadələri Sirusu lap çaşdırmışdı. Yarıinsan, yarıheyvana bənzəyirdilər. Bəzilərinin səsləri qulaqbatırıcı nazik, bəzilərininki isə çox kobud idi. Heç kəs yavaş danışmır, hamı qışqırırdı. Elə bil hamısı kar idi. Addımbaşı isə dava düşürdü:
- Sən məni itələdin!
- Yaxşı elədim!
- Mən sənə yaxşını-pisi başa salaram!
Əlbəyaxa dava gedirdi. Başqa biriləri deyirdilər:
- Günəbaxan tumunu çırtlayıb üstümə atma!
- Çəkil, üstünə düşməsin!
- Olmaz ki, sən o tərəfə atasan?
- Olmaz! Hara istəyirəm, ora da atıram! Özüm bilərəm!
- Mikrobsan, mikrobluğunu göstərirsən!
- Özünsən mikrob! İnda payını alarsan!
Yenə dava başlayır. Beləliklə, Sirus yol boyu belə davaların şahidi oldu. Bir də Virusun başı mesaj yazmağa qarışdığından az qalmışdı çox pis bir hadisə baş versin. Sirus belə bir hadisənin şahidi oldu:
Bir az aralıda satıcı balaca qıza dondurma verəndə dondurma onun öz əlindən yerə düşdü. O,  dondurmanı yerdən götürüb qıza verəndə Qız onu almayıb başqasını istədi. Satıcı elə qışqırdı qız diksindi:
- Nə istəyirsən? Elə bil mikroblar şəhərində yaşamırsan? Nə olub, balaca torpağa dəymişdi, torpaqlı yerini təmizlədim. Al ye, başqasını vermirəm. Yesən də budur, yeməsən də...
Sirus hirsləndi. Dondurma satana etirazını bildirib uşağı müdafiə elədi:
- Düz eləmirsiz, dondurma sizin əlinizdən yerə düşüb, onun yerinə təzəsini verməlisiniz!
- Sən kimsən?
- Sirusam. Kim olduğumun məsələyə dəxli yoxdur. Uşağa təzə dondurma verin. Pulunu ödəyərəm!
Hirsli dondurmasatan hikkəsindən dondurma arabasını açarlayıb qışqıra-qışqıra danışmağa başladı.
Ətrafdakılar dondurmasatanın başına yığışdılar. Dondurmasatan həyəcanla olanları danışdı Sirus elə bilirdi ki, indi hamı onun dediyini təsdiq edib, dondurmasatanı tənqid edəcəklər. Amma əksinə oldu. Hətta Sirus qorxdu da. Eybəcər məxluqlar Sirusu “tərbiyə” etmək, yəni dərsini vermək üçün, daha doğrusu, əzişdirmək ücün onun üstünə gəlməyə başladılar.
Yolda o qədər səs-küy var idi ki, Virus yanındaca baş verənlərdən xəbərsiz idi. Bir də başını qaldırdı ki, mikroblar gözlərini bərəldib, yumruqlarını düyünləyib, çirkli dırnaqlarını uzadıb düz Sirusun üstünə gəlirlər.
Ah, səhifəmiz də qurtarmağa vaxt tapdı. Neyləyək, ardını gələn nömrədə oxuyarsız.