Sirusla Virusun macəraları

Müəllif: Gülzar İbrahimova

Sirus öz kopyasını Yerə göndərəndən az sonra Virusun başına gələnlərdən xəbər tutdu.
“Dostuma kömək eləməliyəm!”, - deyib təcili Ağıllılar ölkəsinə yollandı. Soraqlaşıb şəhər merini tapdı. Sonra isə istintaq qrupunun köməyi ilə Virusu ikinci dəfə xilas elədi.
Dostlar sevincdən yerə-göyə sığmır, atılıb-düşür, köhnə kompyüterlərin üstündən tullana-tullana qaçırdılar.
Sirus fikirləşirdi: “Pislik üçün yaranmış Virusu dəyişdirmək mümkündürsə, deməli, yaxşılıqla hər kəsi dəyişdirmək olar”.
Virus inana bilmirdi ki, dostu onu bağışlayıb. O mikrobdan yaransa da, Sirusun ona elədiyi yaxşılıqlar qarşısında anbaan dəyişirdi:
- Sirus, dostum! Bizi daha heç nə ayıra bilməz! Gəl bundan sonra heç vaxt bir-birimizdən inciməyək! Bircə sən mənim hərəkətlərimə nəzarət elə. Bəzən mən paxıl oluram. Bilirsən ki, Virusam, pisliyi sənə nifrətdən yox, özüm də bilmədən ziyankarlıqdan edirəm. Yaxşı ki, sən məni bağışlamağı bacarırsan. Bilirsən, mən ən peşəkar, yüksək dərəcəli, mikroblardan yaranmış, pislikdən düzəldilmiş, oxumuş Virusam!
Birdən Sirus elə ürəkdən gülməyə başladı ki:
- Hər şeyi anladım, amma “oxumuş virus” dan başqa. O necə olur ki?
- Sadəcə. Məktəbdə oxuyursan, amma təhsilini Yalançılar ölkəsində alırsan.
- Elə bir ölkə ola bilməz!
- Var, inan mənə! Həmin ölkədə hər şey yalandandır.
Virus Yalançılar ölkəsindən xeyli danışdı. Sirusun inanmadığını görüb dedi:
- İnanmırsansa gedək Yalançılar ölkəsinə, hər şeyi gözünlə gör!
- Gedək, amma bax, sənə deyirəm, bir də mənə pislik eləsən, incimə, bağışlayan deyiləm! Böyüklər düz deyir: “Hər kəs gərək öz tayı ilə dostluq eləsin!.”
- Əlbəttə, söz verirəm!
- Söz?
- Söz! Getdik Yalançılar ölkəsinə!
Dostlar Yalançılar ölkəsinə səyahətə çıxdılar.
Həmişəki kimi Sirus gözlərini yumdu, açanda isə özünü Yalançılar ölkəsində gördü. Yalançılar ölkəsi çox gözəl idi. Sirusun ağzı açıla qalmışdı. Uşaq parkı, füsünkar karusellər Sirusun ağlını başından çıxarırdı. Bir karuselin üstündə yazılmışdı: “Karusel elə surətlə uçur ki, düz 10 dəqiqəyə Marsa çatır və qayıdır”.  Sirus maraqla dedi:
- Gəl bu karuselə minək. Məndə pul var!
- Gəl minək, məndə pul lap çoxdur!
Virus kassaya yaxınlaşdı. Boş əlini kassirə uzatdı:
-2 bilet verin!
Kassir də Virusun əlindən guya pulu götürüb kassaya qoydu. Sonra isə əlinin hərəkəti ilə guya bilet kəsib ona verdi. Əslində isə heç nə vermədi. Çünki əli boş idi.
- Getdik karuselə!
Sirus sevincək “ura” qışqırıb karuselə mindi.  Onlar rəngarəng kabinəyə girən kimi işıq söndü, kabinə fırlandı. Pəncərədən Mars planetinə oxşar görüntülər göründü. Beş dəqiqəyə karusel guya Marsdan qayıtdı. Səs gəldi:
- Çatdıq, düşün!
- Bu ağ yalandır! Bizim karusel heç yerindən tərpənmədi. Elə bil uşaq aldadırlar, - Sirus dedi:
- Burda hər şey yalandır. Səni xəbərdar eləmişdim.
- Doğrudan da əsl Yalançılar ölkəsidir.
- Burda məktəblərdə də hamıya yalan dərsi keçirlər. Sənə maraqlıdırsa, gedək mən oxuduğum məktəbə.
- Gedək!
Onlar məktəbə gəldilər. Sinfə girdilər. Heç kəs onlardan kim olduqlarını soruşmadı. Çünki heç kəs düzgün danışmırdı deyə, cavab da kimsəyə maraqlı deyildi. Bir azdan zəng vuruldu. Balaca boylu, eynəkli bir kişi, yanında da qaşqabaqlı bir müəllimə sinfə daxil oldu. Virus kişini göstərdi:
- Məktəbin direktorudur, - dedi.
Direktor:
- Təzə müəllimə ilə tanış olun, adı Yaman müəllimədir! Sizə “İnandırıcı yalanlar” fənnindən “hopgopologiya” dərsi deyəcək. Saxta qızıl medal mükafatçısıdır. Yaman müəllimə sizə az vaxtda utanıb-qızarmadan inandırıcı yalanlar danışmağı öyrədəcək. Sizə uğurlar!
Direktor getdi. Yaman müəllimə dərsə başladı. Zəng çalınana qədər dayanmadan, nəfəsini dərmədən yalan danışdı, sonra dedi:
- Növbəti dərsdə siz danışacaqsınız, mən eşidəcəyəm!
Bir azdan zəng içəri vuruldu. Yaman müəllimə sinfə girən kimi çantasını açdı, ordan uzun bir çubuq çıxarıb bərkdən stola vurub dedi:
- Hopgopologiya dərsində hər kəs özündən fantaziya qurmalı, yalan uydurmalıdır. Kim mənim dərsimdə düz söz danışsa, mənə cavab verməli olacaq. Kim inandırıcı yalan deyər? 
Şagirdlərdən biri dedi:
- Dünən eyvandan baxırdım, bir maşın elə sürətlə gəlirdi, yəqin ki, saatda 200-lə gələrdi!
- Ola bilər! “2” alırsan! – deyib Yaman müəllimə həmin şagirdə “2” yazdı.
Başqa biri dedi:
- Axşam anam saçlarımı o qədər hördü ki, saydım, düz yüz hörük oldu.
- Ola bilər, lap 200 də ola bılər! “2” alırsan!
Digəri dedi:
- Bağımızda balqabaq yetişib, 50 kq olar.
- Braziliyada bir balqabaq yetişib, çəkisi 100 kg-dır. “2” alırsan.
  Dərsdən hamı “2” alandan sonra, Murad yaxşı qiymət aldı. Bu belə oldu:
     Növbəti dərsə gecikən Murad axsaya-axsaya sinfə girdi.
Yaman müəllimə bir çubuq götürüb hirslə stola çırpdı və qışqırdı:
- Cavab ver! Niyə dərsə gecikirsən?
Murad başına gələnləri danışdı:
- Tənəffüsdə avtobusla evə getdim. Dəftərimi götürüb qayıtmaq istəyəndə avtobus olmadı. Ağlıma bir fikir gəldi. Dəftərimdən bir kağız cırıb qayıq düzəltdim, qələm yonanı da mühərrik əvəzi qayığa bərkitdim. Qəzet köşkündən batareya alıb mühərrikə qoydum. Çantamdan su butulkasını çıxardıb yerə tökdüm. Qayığı suya qoyub, mühərriki işə saldım. Qayıq yerindən elə götürüldü ki, özümü güclə içinə atdım.
Elə təzəcə yerimi rahatlayırdım ki, qayıq ildırım sürəti ilə məktəbi ötüb keçdi. Qışqırdım:
- Aman, dərsə gecikəcəyəm!
Mühərriki dayandırana qədər, qayıq çıxdı açıq dənizə, çimərlikdə dayandı. Çantamdan qələm qutusu çıxartdım. Kağıza mobil telefon şəkli çəkib yapışdırdım qutunun üstünə. Mühərrikdən batareya çıxarıb qutuya qoydum. 10 qələmin hərəsinin üstünə bir rəqəm yazdım. Sonra onunla nömrə yığıb dostuma zəng elədim: “Dərsə gecikirəm, müəlliməyə de hirslənməsin, gəlirəm!”
Dostum dedi:
- Mən Hindistanın paytaxtı Pakistandayam, özüm axırıncı dərsə ancaq çataram.   
Yadıma düşdü ki, dostum yarışdadır. Başqa çıxış yolu tapmalıydım. Yaxınlaşdım çimərlikdə təyyarə sürən uşağa, dedim:
- Dostum, dərsə gecikirəm, məni də tulla, məktəbə!
Uşaq pilot papağını başına qoyub əmr elədi:
- Sərnişinlər! Yerinizi tutun, kəmərləri bağlayın!
Uşaq təyyarəni elə sürətlə sürdü ki, düz beş dəqiqəyə məni məktəbə çatdırdı. Məktəbin yanında təyyarənin qapısını açdı. Təyyarəni yana elə çevirdi ki, guruluguppaz düşdüm məktəbin həyətinə.  Üst-başımı təmizlədim.
- Ey, neyləyirsən, belə də təyyarə sürərlər? – dedim.
- Neyləyim, özün dedin, məni məktəbə tulla, mən də tulladım, “sağ ol”undur?
- Yaxşı, sağ ol! Axsaya-axsaya özümü birtəhər sinfə saldım. Yaman müəllimə, ona görə də bağışlayın, dərsə gecikmişəm!
- Otur, çox ciddi səbəbdən dərsə geciksən də dərsi gözəl danışdın. Sənə “əla” qiymət verirəm!

Virus sakitcə oturmusdu. Sirus isə təəccübdən yalan danışanlara ağzıaçıq qulaq asırdı. O, gah həyəcanlanır, gah da gülürdü. Uşaqlar dərsdən çıxıb şəhərə yollandılar. Hər yerə piyada gedirdilər. Çünki minirdilər avtobusa , avtobus xeyli bir yerde durur, sonra mikrofonla  qışqırırdı:

-Çatdıq, növbəti dayanacaq beş dəqiqədən sonra olacaq!- amma yerindən tərpənmədi.

Amma bununla belə şəhər çox maraqlıydı. Burda isə atalar yox, uşaqlar çox gözəl deyib: " Gop da olsa maraqlıdır!" .