Sirusların növbəti sərgüzəştləri

Müəllif: Gülzar İbrahimova


İki Sirus bir-birindən ayrılmalı oldu. Onlardan biri – əsl Sirus Kosmosda qaldı, o biri – Kosmik Sirus isə Yer planetinə uçdu.
Kosmik Sirus elə proqramlaşdırılmışdı ki, əsl Sirusdan fərqlənmirdi. Üz cizgiləri, danışığı, gülüşü, mədəni davranışı eyni idi. Heç bir əlaməti onu əslindən ayırmırdı. Elə buna görə də heç kəs ondan şübhələnmədi, əsl Sirus olmadığını başa düşmədilər. Bircə anadan başqa…
Sirusun anası Sürəyya xala balasının əlindən tutanda sanki diksindi. Elə bil hansısa yad bir qüvvə ananı-baladan ayırdı. Ana diqqətlə balasının üzünə baxdı. Sanki ürəyinin dərinliyində kimsə ona deyirdi: “Sirus dəyişib!”. Cansız Sirus o saat bunu başa düşdü. Bütün proqramını işə salıb şübhəni aradan götürdü:                                                                       
- Sənin üçün darıxmışam,  ana, - deyib ananın boynuna sarıldı. Ana da onu qucaqladı:
- Mən də… Son vaxtlar nədənsə, evdə çox az olursan.
- Şahmat məşğələləri, yarışlar, dərslər – hamısı vaxtımı alır.
- İstirahət də lazımdır.
- Düzdür, ana!
- Gəl, yemək yeyək, yəqin, acsan!
- Acından ölürəm!
Kosmik oğlan anası bişirən aşdan ləzzətlə yedi. Çayı içəndə isə bir az anlaşılmazlıq yaratdı. Onu proqramlaşdırarkən çay içmək proqramı unudulub kənarda qalmışdı. Kosmik  Sirus bilmədi çayı necə içsin. O, çayı qaynar-qaynar içəndə ana qəndqabıdan qənd götürüb onun ağzına qoydu. Sirus bilmədi qəndi neyləsin. Qəndi ağzında o tərəf-bu tərəfə fırladaraq oynatmağa başladı. Qənd ağzında müxtəlif səslər çıxartdı. Ana təəssüflə dedi:
- Bu necə  çay içməkdir? Başqa yerdə də belə çay içsən sənə gülərlər. Heç sənə yaraşmır.
- Ana, bəs necə içim?
Ana elə bildi oğlu zarafat edir:
- Qoy bir az soyusun, sonra qəndi qoy ağzına, qurtum-qurtum çaydan iç!
- Qoy yazım… - deyib Sirus qələmini götürdü.
Ananın ona şübhə ilə baxdığını görüb tez vəziyyətdən çıxdı. Bərkdən güldü. Ana da elə başa düşdü ki, Sirus zarafat eləyir.
Ana mətbəxə gedən kimi Sirus çay içmək qaydasını qolundakı
cihazla tez yaddaşa yazdı.
Kosmik Sirus elə proqlam-laşdırılmışdı ki, o, istədiyi qədər yeyə bilir, sonra isə yemək dolan mədə futlyarını çıxarıb boşaldır, yuyub təzədən yerinə taxırdı.  O bunu elə edirdi ki, kimsə xəbər tutmasın.
Bircə bunu eləyəndə qolundakı idarəetmə pultunda “0” düyməsini basaraq  gözəgörünməz olurdu. Sonra isə radio dalğası kimi uçub istədiyi yerə gedə bilirdi. Həyətdə xəlvət bir yer qazıb yemək futlyarını ora boşaldır, sonra isə üstünü torpaqla basdırırdı ki, görməsinlər.
Bu, Sirusun  ən xoşlamadığı bir iş idi. Amma yerinə yetirməliydi. Onun  “öz yeməyi” isə balaca bir həb idi. Bu həbin içərisində Kosmik adamın “yaşaması” üçün əsas bir şey var idi, robot adam onsuz bir gün də yaşaya bilməzdi. Bu, robota hərəkət verən enerji idi. Adı da “enerj” idi. “Enerj”siz Kosmik adam məhv olmazdı, sadəcə, hərəkətsiz qalardı. Kosmik Sirus həbi hər gün eyni vaxtda, gecə saat 1-də qəbul edirdi. Gördüyü işlər haqda informasiya hər beş dəqiqədənbir kosmosa – məlumat bazasına gedirdi.
Əsl Sirus bu barədə tez-tez məlumat alır, lazımi tapşırıqlarını da verirdi.
(Macəranın ardı gələn nömrəmizdə)