Virusun məhv edilməsi və Sirusun kosmosa səyahəti

Müəllif: Gülzar İbrahimova

 

Ağıllılar ölkəsində Sirusla Virus hava skeyti sürəndə hadisə baş verir. Hava skeytini yaxşı sürən Sirus alqışlananda Virus paxıllığından ona mane olur, nəticədə qəza baş verir. Sirus idarəetməni itirir, skeyt sürətlə yerə düşməyə başlayır. Yadplanetlilər olmasaydı, kim bilir, Sirusun başına nə gələcəkdi...
 
Ağıllılar ölkəsinin uşaqlarına hava skeyti sürməyi yadplanetlilər öyrətmişdilər.  
Bədbəxt hadisə olmasın deyə, özləri də uçuşa nəzarət edirdilər. Sirusla Virus ilk dəfə hava skeytində uçarkən yadplanetlilər hər şeyi görür. Elə həmin an da Virusun köməyinə çatıb onu xilas eləyə bildilər. Üstəlik, internet vasitəsilə Ağıllılar ölkəsinin merinə mesaj göndərdilər:
- Hörmətli cənab mer! Bədbəxt hadisənin qarşısı alındı. Amma təqsirkarı cəzalandırmaq vacibdir.
Onlar həm də mesajla birgə hadisənin kosmosdan çəkilmiş görüntüsünü də merə göndərdilər.
Mer materiallarla tanış olub əmr etdi:
- Dərhal istintaq qrupu axtarışa başlasın. Təqsirkar yaxalanmalıdır!
Aradan on dəqiqə keçməmiş istintaq qrupundan məlumat daxil oldu: “Adam formasına girmiş Virusdur. 2011-ci ildə bir qrup cinayətkar xaker qrupu tərəfindən internet vasitəsilə oğurluq, qarət məqsədilə yaradılıb.
Ən böyük saytı bir anda dağıtmaq gücündədir. Yaydığı virus adi antivirusla məhv olmur. Yüksək  peşəkarlıqla yaradılıb. Təhlükə hiss edən kimi aradan çıxır. Yaranan gündən də yoxa çıxıb. Hətta xakerlər tərəfindən axtarışdadır”.
Mer qərar verdi:
- O, başqa ölkələrdə yoxa çıxa bilər. Ağıllılar ölkəsində bu mümkün deyil! Tez fəza təfəkkürlü istintaq qrupunu yanıma göndərin!
Bir azdan 13-14 yaşlarında üç uşaq şəhər merinin qəbuluna gəldi. Yaşlarının az olmasına baxmayaraq, az bir vaxtda ən ağır cinayətin üstünü aça bilirdilər. Mer hadisəni qısa danışsa da, balaca hüquqşünaslar hər şeyi başa düşüb dərhal əməliyyata başladılar. Heç on dəqiqə keçməmiş cinayətkarın, yəni Virusun 165/100 fəza dairəsində olduğu məlum oldu. Mer əmr etdi:
1. Güclü antivirus proqramını işə salıb, 165/100 fəza dairəsində Virus məhv edilsin!
2. Məhv edilən kimi dərhal kompüterin “Zibil qutusu”na atılsın!
3. Virus tapılan kompüter dərhal məhv edilsin! 
Merin qərarı internetə yerləşdirildi. Virusun “Cinayətkar” kimi şəkli saytlara yerləşdirildi.
Virus Sirusun sağ qalması xəbərini oxuyanda sevindi. Bu hərəkəti Virusa da pis təsir eləmişdi. Paxıllığından Sirus göydə uçduğu yerdə yoxa çıxmış, sonra ondan xəbər çıxmamışdı. Virus baxmayaraq ki, virus idi, düzünə qalsa, Sirusa pislik eləmək istəmirdi. Özündən asılı olmayaraq  pislik eləyəndə paxıllıq hissi güclənir, daxilindəki mikroblar böyüyür, viruslar artır, pislik eləmək arzusu çoxalırdı. Belə vaxtda o, yalnız pislik eləməyə çalışırdı. Sakitləşəndən sonra yadına salanda Virus onu ölümdən qurtarıb, elədiyi pisliyə görə gec də olsa peşman olurdu. 
Bu dəfə də o, səhvini yenə gec başa düşmüşdü. Heç ağlına da gəlməzdi ki, azca skeytə toxunmaqla Sirusu faciə ilə üz-üzə qoyar. Digər xəbəri oxuyanda isə dəhşətə gəldi. O, axtarışdaydı və bilirdi ki, ağıllılar ölkəsində gizlənmək asan deyil. Onu tapıb məhv edəcəkdilər. Virus vaxt itirmədən yaxınlıqdakı “gulzarnene.com” saytında gizlənib ordan da Sirusa mesaj göndərdi:
“Dostum Sirus! Məni bağışla! Sən məni ölümdən qurtardın, mən isə sənə pislik elədim. Amma inan, bunu dərk etmədən etmişəm. Məni pis adamlar pislik üçün yaradıb. Mən insanlara xeyir verən saytları məhv eləmək, virus yaymaq üçün yaranmışam. Sən isə öz yaxşılığınla mənə yaxşılıq, xeyirxahlıq öyrətmisən. Buna görə sənə minnətdaram. Özün düşün! Səni ölümdən qurtarmış birinə necə pislik eləmək olar? Amma mən bunu eləmişəm! Məni məhv edəcəklər. Səndən son xahişim var. Mənim yeganə dostum sən olmusan. Hər kəs məni öldürməyə, məhv etməyə çalışıb. Bircə səndən başqa! Buna görə sənə təşəkkür edirəm! Bağışla məni, yeganə dostum Sirus!
Virus məktubu yazıb qurtaranda yazının üzərinə bir damcı su düşdü. Virus  elə bildi istidən kompüter qızıb, tərləyib. Ağlına da gəlmədi ki, bu, göz yaşıdır. Dostu üçün axıtdığı göz yaşı.   
Sirusdan Virusa insana xas olan xüsusiyyətlər keçmişdi. O, hətta dostu üçün göz yaşı axıda bilirdi. Baxmayaraq Virus idi, mikrobdan, yalnız pislik üçün yaranmışdı.
Virus məktubu yazıb qurtaran kimi onu Sirusa göndərdi. Sonra isə bir küncə qısılıb məhv olacağı anı gözləməyə başladı.
Çox gözləməli olmadı. Şəhər merinin əmri yerinə yetirildi. Virusun gözlədiyi dəhşətli an gəldi. Yarım saat çəkmədi ki, güclü antivirus proqramı bütün saytlara yükləndi. Virus məhv edildi. Virusun məhv olduğu kompüterin özünü də sıradan çıxmış kompüterlərin zibilxanasına atdılar. Burdakı kompüterləri ya yandırıb əridir, ya da söküb ayrı-ayrı hissələrindən istifadə edirdilər.
Bu haqda internet vasitəsilə Yadplanetlilərə məlumat verildi.
Sirus isə Virusdan xəbərsiz təzə planetdə heyranlıqla ətrafa baxırdı. Yadplanetlilərdən biri dedi:
- Hava skeyti sürmək əslində, çox asandır. Amma Ağıllılar ölkəsinin uşaqları hava skeytini yaxşı sürə bilmədiyinə görə də biz həmişə onlara nəzarət edirik ki, bədbəxt hadisə baş verməsin. Bu dəfə də dalğa vasitəsilə uçuşlara nəzarət edəndə səni təhlükə gözlədiyini bilən kimi köməyinə çatdıq.
Sirus təşəkkürünü bildirdi:
- Minnətdaram! Düzü, səriştəsizlik elədim, ona görə belə hadisə baş verdi. 
Yadplanetlilərdən bir başqası bu haqda fikrini bildirdi:
- Əslində, sən qaydasında sürürdün, yanındakı mane oldu.
- O mənim dostumdur! Sirus dedi. - Yəqin, bilə-bilə eləməyib.
- Virus necə sənin dostun ola bilər? O, Virusdur, insan cildində olan Virus. Onu hamı kompüter virusu kimi tanıyır. Məqsədi pislik, gözəlliyi məhv eləməkdi. Yəqin, bunu da yaxşılıqdan eləməyib.
-  Yox, siz onu yaxşı tanımırsınız, o bilərəkdən mənə pislik eləməz!
- Sən niyə elə pislə dostluq edirsən? 
Sirus bilmədi nə cavab versin:
- Virus olanda nə olar? O da istəyir ki, dostu olsun. Onunla heç kəs dostluq eləmək istəmir. Ona yazığım gəlir, tək qoymaq istəmirəm.
Yadplanetlilər susdular, çünki Virusun məhv olduğunu bilirdilər.
Yadplanetlilər Sirusun çoxsaylı suallarına cavab verirdilər. Danışıqlarından Yer haqda çox şeyi bildikləri hiss olunurdu.
- Mən evdə olmalıyam! - Sirusun gözü qol saatına sataşanda peşmanlıqla dedi:
- İstərdik bir müddət bizimlə qalasan!
- Düzü, mən də qalmaq istərdim.
Yadplanetlilər Sirusun getməyini istəmirdilər.
- Qala bilmərəm! Evdə atam, anam nigaran qalarlar! Dərslərim, şahmat yarışım var.
   Yadplanetlilər öz aralarında nəsə danışandan sonra Sirusa dedilər:
- Təkrarını çıxararıq. Eynən sənə oxşar ikinci Sirusu çıxararıq, səni əvəz edər.
- Bunu necə eləmək mümkün olar?
- Bizim “Təkrarat” aparatı ilə kimin istəsən təkrarını çıxara bilərsən. Bunun üçün xüsusi aparatımız var. Eynən səndən birini, hətta istəsən bir neçəsini çıxarır. Əlbəttə, əvvəlcədən onu proqramlaşdırırsan.
Sirusun təəccübdən gözləri böyümüşdü:
- Maraqlıdır! Kağızın surətini çıxarmağı eşitmişdim, insanın surətini isə yox.
- Sən qərar ver! Qalırsansa, əlavə nüsxəni çıxaraq!
Sirus getsəydi, bütün bu qəribəlikləri görə bilməyəcəkdi, qalsaydı da ata-anası nigaran qalacaqdı, yarışda iştirak edə bilməyəcəkdi. Fikirləşib qalmağı qərar verdi:
- Lap yaxşı! - deyə Yadplanetlilərdən biri idarəetmə pultunun düyməsini basdı.
Bu vaxt  hardansa kombayna oxşar maşın peyda olub Sirusun qarşısında dayandı. Yuxarıdan Sirusun üstünə böyük şüa saldı. Əvvəl fotoaparat kimi onun şəklini çəkdi. Sonra isə kabinanın qapısı yuxarı qalxdı, içərisindən isə eyni geyimdə, eyni boy-buxunda Sirus çıxdı. Onlar elə bil eyni adam idilər. Hətta hərəkətləri də eyni idi. Sirus oxşarına baxanda onu gülmək tutdu, təkrarı da güldü. Hamı gülüşdü. Birdən gülüş səsləri kəsildi və “Siruslar” bir-birindən ayrılmalı oldular. 
Macəranın ardı gələn sayımızda olacaq. Sirus dostu Virusu axtaracaq. Tapacaqmı? “Kosmik Sirus” dərsi necə danışacaq? Şahmat yarışında nə baş verəcək? Baş verənlərdə Sirus kimi təqsirkar biləcək?
Bütün bunları növbəti sayımızda izləyin.