Sirus və Virus " Ağıllılar ölkəsi"ndə

Müəllif: Gülzar İbrahimova

(Əvvəli ötən saylarımızda)

Sirus hava skeytini çox yaxşı sürürdü. Hətta “Ağıllılar ölkəsi”nin uşaqları da Sirusu ötə bilmirdilər. Bir anlığa paxıllıq Virusun elektron başını necə xarab elədisə, o özünü idarə edə bilmədi. Skeyt sürməkdə səriştəsiz olmasına baxmayaraq, Sirusu keçməyə çalışdı.
Uçuşa elektron nəzarət qrupu    Virusun hərəkətlərini görəndə ona irad tutdu. Reproduktorla dedi:
- 11-ci skeyt, təcili yerə enin! Siz  yol hərəkəti qaydalarını pozursunuz!
Virus isə komandirin əmrinə fikir vermədən Sirusu ötməyə can atırdı. Birdən o, hava axınına nəzarəti itirib, düz Sirusun üstünə getdi. Sirus görəndə ki Virus skeyti onun üstünə sürür, əyildi ki, toqquşmasınlar. Müvazinətini itirdiyindən, skeyt ayağının altından qaçdı.
Elektron nəzarət qrupu baş verənlərdən həmin an xəbər tutdu. Bu dəfə işə hava polisi qarışdı:
- “110” xidmətini köməyə çağırıram. 50, 80 dairəsinə təcili yardım göndərin!
Qorxudan Virus dəhşətə gəldi. Tez yerə doğru uçmağa başladı. Uçuşa nəzarət polisinin yenə səsi gəldi:
- Hava uçuşlarını dayandırın! Faciə baş verib.
Sirus isə dəhşət içərisində sürətlə aşağıya doğru şütüyürdü.  Nəzarət qrupu Sirusa kömək eləmək üçün havaya qalxdı. Amma təəssüf ki, onlar gecikəcəkdi.
Hamı qorxu içində sürətlə aşağı düşən Sirusa baxır, bu saat baş verəcək dəhşəti gözləyirdi.    
  Amma... sanki möcüzə baş verdi. Qəfildən havada paraşütə oxşar bir şey açıldı. Xoşbəxtlikdən Sirus düz ora düşdü. Hamı sevinclə qışqırdı. Amma az sonra təəccübdən dondular. Sirus yer tərəfə yox, göy tərəfə səmt almışdı. O elə sürətlə gedirdi  ki, ətrafa baxa da bilmirdi. 
Gözünü bir də açanda ətrafında qəribə uşaqlar gördü. Onlar  yadplanetli paltarında idilər, həm də başqa dildə danışırdılar. Sirus onların dilini başa düşmədiyindən, gah ana, gah rus, gah da ingilis dillərində danışır, harda olduğunu öyrənməyə çalışırdı.
Əvvəlcə yadplanetlilər sakit dayanmışdılar. Onlardan birinin əlində saata oxşar bir cihaz var idi...
Onu Sirusun qoluna bağlayan kimi Sirus özü çox asanlıqla yadplanetlilərin dilində danışdı. Və başa düşdü ki, Təzə Planetə düşüb. Təzə planetdə Sirus nələrin şahidi oldu...

(Ardı gələn sayımızda)