Sirus və Virus "Azad uşaqlar şəhərciyi"ndə

Müəllif: Gülzar İbrahimova

 

Sirus “Azad uşaqlar şəhərciyi”ndən qayıdan kimi, dərs masasının arxasına keçdi. Kitablarını açdı ki, dərslərini hazırlasın, qapının zəngi çalındı. Gələn atası ilə anası idi. Onlar şam eləyəndən sonra, ata Sirusu şahmat oynamağa çağırdı.
 Sirus həqiqəti deyə bilmədi... Kompüter dünyasına səyahətə çıxdığından, dərslərinə hazırlaşmadığını desəydi belə, kim idi ona inanan...
Şahmat oyunu həmişəkindən fərqli olaraq, atanın qələbəsiylə bitdi. Ata fikirləşdi ki, yəqin, Sirus yorulub:  
- O qədər məşğul olursan ki, yorulursan. Get yat!
- Bir az dərsim qalıb, qurtarım, sonra...
Ana da ata deyəni təsdiqlədi:
- Yox, oğlum, çox məşğul olursan, dincəlməlisən! Dur yat, xəstəlik taparsan!
Sirus əlacsız yatmağa getdi. 
Həqiqəti gizlətməyi ona çox başa gəldi. Səhərisi İlk dəfə Sirus dərsindən pis qiymət aldı. Hətta şahmat məşqçisi də onun oyununa baxıb başını buladı:
- Nə olub sənə? Bəlkə nəsə baş verib?
- Yox, heç nə olmayıb!
- Elə isə məşğələlərə ciddi yanaş!
Sirus üçün çox ağır bir gün keçdi. Evə bikef gəldi. Kompüteri açdı ki, dərdini Virusa danışsın.
Virus monitorda görünən kimi səsi aləmi götürdü:
- Tez dur, gedək!
- Hara?
- Dur gedək, görəcəksən!
- Gedə bilmərəm, dərslərim çoxdu, özün get!   
- Guya bilmirsən, Virus olduğuma görə məni heç yerə buraxmırlar! Nə vaxt sənə maraqlı təklif edirəm, deyirsən, dərsim çoxdu. 
- Doğrudan da belədir! 
-  Amma bu günü əldən çıxarmaq olmaz! 
- Nə var ki bu gün?
- Bu gün “Ağıllılar ölkəsi”ndə uşaqlar özləri düzəltdikləri hava skeyti sürəcəklər. Təsəvvür edirsən? 
- O necə olur ki?
Sirusun maraqlandığını görən Virus sevindi:
- Vaxt  itirmə, gedək, gör!    
Sirus könülsüz-könülsüz razılaşdı: 
- Gedək!
Virus Sirusun əlindən tutan kimi, onlar Kompüter dünyasında olub, yenə də üç yol ayrıcına gəldilər. Ordan da  birbaşa “Ağıllılar ölkəsi”nə yollandılar. Təzəcə şəhərə girmişdilər ki, həyəcan siqnalı gəldi. Bir anda qonaqları əhatəyə tutub sorğu-suala başladılar. “Ağıllılar ölkəsi”nin uşaqları əvvəlcə istədilər qonaqları geri qaytarsınlar:
- Geri qayıdın, Virus var aranızda. Sizi ölkəmizə buraxa bılmərik! 
Virus pərt olsa da, özünü itirmədi:
- Heç bilirsiz, mən sizə kimi qonaq gətirmişəm?  
- Kimi?
Uşaqlar Sirusu tanıyan kimi onu çox hörmətlə qarşıladıar. Biləndə ki, Sirus şahmat üzrə dünya çempionudur, dedilər:
- Biz çox şadıq ki, “Ağıllılar ölkəsi”nə sənin kimi ağıllı gəlib!
Sonra uşaqlar Sirusla Virusu böyük bir meydançaya apardılar. Meydançada o qədər uşaq var idi ki… Hələ havada bəlkə ondan da çox uşaq skeyt sürürdü. Onlar əməlli-başlı uçurdular.  Sirusun ağzı lap açıla qalmışdı:
- Onlar necə uçurlar, – deyə soruşdu.
Bir oğlan ona bir kitab verib dedi:
- Bax, bu kitabda hər şey yazılıb. 
 Nə yazılıb? - Sirus kitabı alıb təəccüblə soruşdu.
- Hava skeyti ilə necə uçmağın qaydası yazılıb! Oxu, asandır, tez öyrənəcəksən! 
Sirus bir neçə səhifə oxuyan kimi, hər şey ona aydın oldu. Sevincək Virusa dedi:
- Virus, gəl, biz də hava skeyti sürək! Qaydasını oxudum, mənə asan gəldi. Gəl, səni də başa salım! 
- Qorxmursan?
- Yox,qorxulu bir şey yoxdu.Sadəcə, hava axını istiqamətini daim nəzarətdə saxlamalısan! Yelkənli qayıqlarda olduğu kimi! 
- Mənə də öyrət. Mən də hava skeyti sürmək istəyirəm! - Virus sevindi.   
Bİr azdan Sirusla Virus o biri  uşaqlar kimi hava skeyti sürməyə başladılar. Bu, uşaqların çox xoşuna gəldi. Sirus havada dövrə vurub Virusu keçir, sonra Virus onu keçməyə çalışırdı. Bu, bir oyun, əyləncə olsa da, Sirusun heç ağlına belə gəmirdi ki, dost bildiyi Virus belə vaxtda necə paxıllanır, nə yolla olur-olsun, Sirusu keçməyə çalışırdı. 
   Elə bu paxıllılığından da Virus bir anlığa hava skeytini idarə etmək qaydasını unudub, səhlənkarlığa yol verdi. O, hava axınına nəzarət eləməyi yadından çıxarıb, skeyti düzgün döndərmədi. Nəticədə, skeyt ayağı altından qaçdı, Virus sürətlə yerə düşməyə başladı.