Elşən, Gülşən, Küpəgirən

Müəllif: Gülzar İbrahimova

Günlərin gözəl günündə
Şamaxının bir kəndində
Getdi meşəyə qızlar
Gül-çiçək toplasınlar
***
Dedilər: - Həm gül yığarıq,
Həm də gəzib, oynayarıq!
- Meşə çox gözəldir, Gülşən,
İstəsən, sən də gələrsən!
***
Gülşən dedi: - Can nənə,
İcazə versən mənə,
Qızlarla mən də gedərəm, 
Çiçək dərib gətirərəm!
***
- Get Gülşən, amma ki sən,
Onlardan çox kiçiksən
Dolanma təkbaşına,
Bir iş gələr başına.
***
“Baş üstə!”, Gülşən dedi,
Tez-tələsik geyindi.
“Sağ ol”, deyib nənəsinə
Qoşuldu qız dəstəsinə.
***
Çatıb meşəyə qızlar
Qəşəng süfrə açdılar,
Yemək yeyib şənləndilər,
Deyib-gülüb əyləndilər.
***
Birdən düşdü qaçaqaç
Oynadılar gizlənpaç.
Hərə qaçdı bir tərəfə,
Yığışmamış qaldı süfrə.
***
Gülşən tez yığışdırdı
Açıq qalmış süfrəni
Öpüb gözünə qoydu
Yerə düşmüş tikəni.
***
Sən demə ki bayaqdan,
İfritə kol dalından,
Gizlin qıza baxırmış,
İşinə göz qoyurmuş.
Qarını görən Gülşən
Qorxub qışqırdı bərkdən:
- Tez bura gəlin, qızlar,
Burda Küpəgirən var!
***
Qarının üst-başından
Cır-cındır sallanırdı.
Onun pırtlaşıq saçı,
Əyri, donqar burnu vardı.
***
Qarı əydi belini
Çəpətdi gözlərini,
Tutdu qızın qolundan
Ağlamsındı yalandan:
***
- Gözəl qız, məni dinlə!
Gedərsənmi mənimlə
Bir komada yaşayaq
Nənə və nəvə olaq?
***
- Getmərəm, - dedi Gülşən
Niyə də getməliyəm?
Nə olub ki nənəmə,
Nənə gəzim özümə?
***
- Sənə konfet verərəm
Tilsimlər öyrədərərəm
Olarsan mənim nəvəm,
Mən də səni sevərəm!
***
Qorxdu balaca Gülşən
Qarının sözlərindən.
Dedi: - Çıx yolunla get,
İstəmirəm mən konfet!
***
- Tərslik eləmə ay qız!
Mən də qalıram yalqız
Gedək mənimlə qalaq
İkimiz bir yaşayaq!
***
- Kiçik görüb yaşımı,
Gəl aldatma başımı.
Kəsmə mənim yolumu,
Burax mənim qolumu!
***
- Kəs səsini, - söylədi,
Küpəgirən Gülşənə
Tez qızı qamarlayıb
Mindi süpürgəsinə!
***
Süpürgə göyə qalxdı
Bu vaxt ildırım çaxdı,
Gülşən qışqırdı bərkdən:
- İfritə, neylədin sən?
***
- Bu gündən oldun mənim
Daha yox heç bir qəmim
Hay-küy salma, boş yerə
Yolun yoxdur geriyə!
***
- Evimizə gedirəm,
Nigaran qalar nənəm!
Neylədim ki mən sənə,
Pislik edirsən mənə?
***
Sonra Gülşən səslədi
Yaxın dostu Elşəni:
- “Dedi, dostum hardasan,
Gəl, qurtar məni dardan! 
***
İfritə dedi: - Qız sən,
De, kimi səsləyirsən?
Məni tanıyan bir kəs
Qorxudan bura gəlməz!
***
- Mənim bir Elşən dostum var
Pis uşaqlar ondan qorxar,
Çağırıram o gəlsin,
Sənin dərsini versin!
***
- Qoy gəlsin, cadu edim,
Onu daşa döndərim!
Ya da ki, tora salıb
Canavara yedirdim!
***
İfritə güldü bərkdən
Səsini kəsdi Gülşən
Yaman qorxdu deyəsən,
Qarının gülməyindən.
***
O vaxtdan balaca qız
Qaldı meşədə yalqız.
Ümidini üzmədi
Öz dostunu gözlədi.
***
Küpəgirən qarının
Uçuq daxması vardı
Daxmanın ətrafında
Heyvanlar yaşayardı.
***
Daxmada bir hörümçək
Qarıya tor toxuyurdu,
Bütün günü öz eybəcər
Səsi ilə oxuyurdu.
***
Kimdən sizə danışım,
Kimdən sizə söz açım?
Gəlin, geri qayıdım,
Qızlardan söhbət açım!
***
Qaçıb səsə gələn qızlar
Gülşəni çox axtardılar.
Heç yerdə onu tapmayıb
Peşman kəndə qayıtdılar.
***
Nənə eşitdi Gülşən,
Qayıtmayıb meşədən
“Gülşən”, deyib qışqırdı,
Bihuş yerə yıxıldı.
***
İfritə isə hər gün
Cadu-piti düzəldirdi,
O hər yanı dağıdır,
Gülşən təmizləyirdi.
***
Qarı bütün işlərini
Kiçik qıza gördürürdü.
Hər gün tezdən Gülşənə,
Əlli hörük hördürürdü.
***
İfritə qızı yorurdu,
Dincəlməyə də qoymurdu:
- Ləyən gətir, su gətir,
Deyirdi, məni çimdir.
***
Tez elə, durma, bala, 
Odun yar, ocaq qala
Başımda bitlər gəzir,
Başımı yuyub, dara!
***
Diqqətlə qulaq as mənə
Yoxsa düşərsən tilsimə,
Toxunsan süpürgəmə!
Sonra məndən incimə!
***
Komanı heç vaxt süpürmə,
Hörümçək toruna dəymə.
Paltarlarımı yama,
Onları heç vaxt yuma!
***
Təndiri yaxşı qala
Qocalmışam mən, bala!
Qazana çoxlu yağ at,
Quzunu yaxşı qızart!
***
Yanında qutab bişir
İçməyə ayran gətir.
Özün yemə, azalar,
Yemək mənə az qalar.
***
Yeməyi gətir, vaxtdır,
Tez elə, qarnım acdır
Aman, öldüm acından
Gətir, sac kababından!
***
Hər tərəfi təmizlə,
Tənbəl olma, cəld işlə!
Bax haaa, küsərəm səndən,
Olmaram sənin nənən!
***
Gülşən qorxar qarıdan,
İşləyərdi durmadan.
Deməzdi, yorulmuşam,
Ağlayardı hər axşam.
***
Bir gün gördü Boz dovşan
Kiçik qızı ağlayan.
- Dedi, gəl səni aparım,
Kəndinizə yola salım!
***
Qız sevincək, “gedək”, dedi,
Dovşanla yola düzəldi.
Az getdilər, üz getdilər,
Dərə-təpə düz getdilər...
***
Xəbər tutub bundan qarı
Tilsimə saldı onları!
Dovşanı uzağa atdı,
Qızı quyuya sallatdı.
***
Xəlvət gecə gəldi Ceyran,
Qızı çıxartdı quyudan.
- Dedi: “Dur, arxamca gəl,
Qarı tutmasın xəbər!”.
***
Bir azca getmişdilər,
Kobud səs eşitdilər
Hörümçək hay-küy saldı,
İfritəni çağırdı.
***
Səsə gələn Küpəgirən
Qiyyə çəkdi hikkəsindən,
Çeyranı yoxa çıxartdı,
Gülşəni isə ağlatdı.
***
Bir gün eşitdi ki Elşən,
Yox olub meşədə Gülşən.
Tez barmağını dişlədi,
Bildi bu kimin işidir.
***
Dedi: - Gedirəm meşəyə,
Dostumu xilas etməyə!
Pislik edən Gülşənə
Cavab verəcək mənə!
***
Elşən az getdi, çox getdi,
İynə ucu qədər yol getdi.
Yuxusuna haram qatdı,
Nə gecə, nə gündüz yatdı.
***
Xeyli axtardı meşəni
Axır ki tapdı Gülşəni,
Dedi: - Qorxma, burdayam!
Səni darda qoymaram!
***
Görüb İfritə qarını
Çəkdi taxta qılıncını.
Dedi: “Ey Küpəgirən,
Cavab ver, neyləyirsən?
***
De, hansı hünərlə sən
Uşaqları incidirsən?
Gülşəni oğurlayıb
Komanda gizlədirsən?
***
Qarı qorxuya düşdü,
Həyəcandan büzüşdü
Sözün düzü, çox çaşdı,
Çaşıb dombalaq aşdı.
***
Qozbel beli əyildi,
Qorxub geri çəkildi.
Səsi titrədi qorxudan
Özündən uydurdu yalan:
***
- Ey cəsarətli oğlan,
Mənə qılınc qaldıran!
Bilmədim nə üçün sən,
Mənə “oğru” deyirsən?
***
- Kəs səsini Küpəgirən!
Xəbərim var, tilsimindən!
Uşaqları bezdirmisən
Yetər, daha, ölməlisən!
***
- Sən mənə inan, Elşən!
Meşədə azmışdı Gülşən,
Güya yaxşılıq elədim,
Onu daxmama gətirdim.
***
- Aldatmısan dostumu
Oğurlamısan onu,
Meşədə rast gəlib sənə,
Onu salmısan tilsimə!
***
- De, hardan biləydim mən,
Var onun dostu Elşən,
Bir gün qılıncla gələcək,
Gülşəni xilas edəcək?
***
Çox yalvardı Küpəgirən:
- Gəl məni öldürmə, Elşən!
Bundan belə bir də mən,
Heç kimi incitmərəm!
***
İnanmıram! – dedi, Elşən
Pis işlərdir sənin peşən
Tilsimini qıracağam,
Səndən qisas alacağam!
***
- Heç sənin kimi oğlan,
Belə igid, qəhrəman,
Qarıdan qisas alar,
Qocaya əl qaldıar?
***
Eşidəndə bu sözləri
Doldu Elşənin gözləri
Gizlətdi qılıncını,
Bağışladı qarını.
***
Dedi: - Ey Küpəgirən!
Bundan sonra bir də sən
Uşaqlara pislik etsən,
Mənə cavab verəcəksən!
***
Ağladı Küpəgirən:
- Söz verirəm bu gündən
Heç kəsi aldatmaram,
Heç kimi qorxutmaram!
***
Elşən Gülşəni götürdü,
Düz nənəsinə gətirdi.
Sevindi qoca nənə
“Sağ ol!”, dedi Elşənə.
***
Nağıl sona yetişdi
Sacda üç fətir bişdi.
Biri çatdı Elşənə,
Biri çatdı Gülşənə.
***
Biri nağıl deyənə
Yəni, Gülzar nənəyə.
Nağıl yazan sağ olsun,
Qulaq asan var olsun!   
***
Yaxşı artsın, çox olsun!
Pis azalıb, yox olsun!
Hamı çatsın muradına,
Sən də yetiş öz arzuna!